Martın 21-də Daşkənddəki “Yeni Özbəkistan” parkında Novruz bayramı münasibətilə böyük el şənliyi keçirilib.
Tədbirdə Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, digər xalqların təmsilçiləri, o cümlədən paytaxtda yaşayan azərbaycanlılar və jurnalistlər iştirak ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı münasibətilə iştirakçıları və ölkədə yaşayan bütün xalqların nümayəndələrini təbrik edib.
Prezident bildirib ki, biz bu il Novruz bayramını Müqəddəs Ramazan ayında keçiririk. Novruz Şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Novruz həm də sülhə, əmin-amanlığa, barışa çağırış bayramıdır.
Dövlət başçısı deyib ki, Novruz üç min illik tarixi olan böyük bayramdır. Onun bənzərsiz gözəlliyi, humanizmi və dərin fəlsəfəsi hətta qloballaşma şəraitində belə bütün dünyada heyranlıq doğurur ki, bu da onun əbədi mahiyyətindən, həyatverici gücündən xəbər verir.
Sonra Özbəkistan incəsənət ustaları ilə yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan artistlərinin də iştirakı ilə böyük bayram konserti olub. Ölkəmizi bu bayram konsertində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova təmsil edib.
Martın 21-də Özbəkistan paytaxtının, vilayət mərkəzlərinin, rayonların park və meydanlarında da izdihamlı Novruz şənlikləri keçirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd