Gəncə Teatrının ahısxa aktyoru

post-img

Respublikanın Əməkdar artisti Əlican Əzizov tipik, xarakterik rolları ilə tanınan, realist yaradıcılıq üslublu sənət məktəbi keçmiş, eyni zamanda, romantikaya meyilli aktyorlarımızdandır.

Əlican Süleyman oğlu Əzizov 1952-ci ildə Özbəkistanın Fərqanə vilayətinin Vadil rayonunda ahısxalı türk ailəsində dünyaya gəlib. 1959-cu ildə onlar Azərbaycana köçüblər. Əlican orta təhsilini Gəncədə alıb. Sonra İncəsənət İnstitutunun “dram və kino aktyorluğu” fakültəsini bitirib. 1975–1998-ci illərdə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib, paralel olaraq, 2008-ci ilədək Dövlət Nizami Poeziya Teatrında çalışıb. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 1978-ci ildə “Yaradıcı gənclərə baxış” müsabiqəsinin qalibi, 1985-ci ildə isə respublikada “Ən yaxşı kişi rolunun ifaçısı” olaraq tanınıb. 2000-ci ildə “Respublikanın Əməkdar artisti” fəxri adına, 2006-cı ildə isə Prezident mükafatına layiq görülüb.

Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində A.Şaiqin “Gözəl bahar”ında Külək, C.Cabbarlının “1905-ci ildə” pyesində Volodin, “Almaz”da prokuror, H.Cavidin “Maral”ında Arslan bəy, S.Vurğunun “Vaqif”ində Vidadi, “Fərhad və Şirin”də Azər baba kimi obrazları ustalıqla yaradıb. Bu sıraya Z.Xəlilin “Şairin yuxusu”nda Xaqani, B.Vahabzadənin “Yağışdan sonra”sında Rüstəm, İ.Coşqunun “Komsomol poeması” pyesində Bəxtiyar, M.İbrahimovun “Həyat”ında Akif, Y.Əzimzadənin “Anacan”ında komissar, A.Məmmədovun “Ulduzlar görüşəndə” əsərində Mövlanə Cəlaləddin, “Bəraət”də Temraz, “Kişilər”də Cəlilzadə, “Dəli Domrul”da Dondar, İ.Şıxlının “Dəli Kür”ündə Çernyayevski, N.Həsənzadənin “Atabəylər”ində Qızıl Arslan, Ə.Hacızadənin “İtkin gəlin”ində Yusif, İ.Əfəndiyevin “Üçatılan”ında Alış, Ə.Səmədlinin “Ölüm hökmü”ndə kişi surətləri də aiddir. İstər klassik, istərsə də müasir dövr dramaturqlarının pyeslərində onun rolları maraqla qarşılanıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli onun haqqında deyir: “Bildiyiniz kimi, Səməd Vurğunun “İnsan” pyesi müəllifin sağlığında, həm də onun haqq dünyasına qovuşmasından sonra bir neçə dəfə tamaşaya qoyulub. 1973-cü ildə bu pyesə görkəmli rejissorumuz, Xalq artisti Mehdi Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yenidən müraciət etdi. Biz aşağı kurs tələbələri də bu tamaşada kütləvi səhnələrdə oynamaq üçün məşq proseslərinə cəlb edildik. Bizdən yuxarı kursda oxuyan Əlican Əzizovla ilk tanışlığım məhz o zaman başladı. O, həddən artıq təvazökar, səmimi və çox istedadlı bir gənc idi. Səhnələrdə bizimlə birlikdə iştirak edər, təcrübəsini həvəslə paylaşardı. Onun istiqanlılığını və xüsusi özünəxas olan insani keyfiyyətlərini heç zaman unuda bilmərəm”.

Əlican Əzizovun əcnəbi müəlliflərin əsərlərində ifa etdiyi maraqlı surətlər silsiləsi də fərqli idi. Məhz bu obrazlarda aktyorun özünəməxsus cəhətlərindən biri də hadisələrin yüksək psixoloji dramatik məqamlarında daxili ehtirasını səfərbər etməklə obrazların mənəvi gərginliyini üz cizgilərində qabarıq formada canlandırması, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verməsi idi. Əlican Əzizov məhz səhnə əsərinin məzmunundan çıxış edərək obrazın fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı səhnədə ustalıqla bacarırdı.

Əlican Əzizov Gəncə Dövlət Nizami Poeziya Teatrının səhnəsində də maraqlı obrazları ilə diqqət mərkəzində olmağı bacarıb. “Şeyx Şamil”də İmam Şamil, “Memarın məhəbbəti”ndə aparıcı və Qızıl Arslan, “Gəncə qartalı”nda Axistan, “Şəbi-hicran”da Füzuli, “Fərhad və Şirin”də Xosrov, “Sevgi dastanı”nda Fərhad, “Ədalət sorağında”da İsgəndər, “Xəmsə”də Fərhad obrazları gurultulu alqışlarla qarşılanıb. Aktyor, həmçinin bu teatrın səhnəsində yaradıcılıq imkanlarını quruluşçu rejissor kimi də sınayaraq bir neçə səhnə əsərini uğurla tamaşaya hazırlayıb.

Bu gün Əlican Əzizov Azərbaycanfilmin istehsalı olan “Süd dişinin ağrısı” (1987), “Dairə” (1989), “Şahid qız” (1990), “Aşiqlər” (2008), “Cavad xan” (2009), “Fədakar” (2015) filmlərində də maraqlı obrazları ilə yaddaşlarda yaşayır.

Respublikanın Əməkdar artisti Əlican Əzizov 2021-ci il fevralın 9-da 68 yaşında Türkiyə Cümhuriyyətinin Bursa şəhərində vəfat edib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas-tənqidçi

Mədəniyyət