Elm və təhsil sahəsində istedadlı şagirdlərin üzə çıxarılmasını hədəfləyən müsabiqənin rəsmi açılış mərasimi dünən Bakı Ali Neft Məktəbində keçirilib. Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, elm və təhsil sektoru nümayəndələri, deputatlar, jurnalistlər iştirak ediblər.
Fuad Qarayev çıxışında müsabiqənin builki final mərhələsində əvvəlki illərə nisbətdə daha çox layihənin yarışacağını bildirdi. Onun sözlərinə görə, müsabiqəyə şagirdlər tərəfindən 654 layihə təqdim edilib, lakin onlardan 138-i finala vəsiqə qazanıb: “Finalda 110 layihə qrupla, 28 layihə isə fərdi şəkildə iştirak edir. Müsabiqədə şagirdlər riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə elmi-tədqiqat işləri hazırlayırlar. Hər istiqamət üzrə ən az 6 layihə qalib elan ediləcək. Martın 14-ü qaliblər təltif olunacaqlar”.
Firudin Qurbanov dedi ki, bizi gələcəkdə hansı texnoloji inqilabların gözlədiyini demək çətindir, amma sivilizasiya olduqca, həmin şəraitə uyğunlaşmaq lazımdır: “Mütləq robotlaşma özünü açıq şəkildə büruzə verəcək. İnsan zəkası bütün problemlərin fövqündə dayanır. Gələcəkdə elmin inkişafı da insan zəkasından asılı olacaq. Müasir dövrdə yaşayıb yaratmağa hazır olmaq lazımdır. O insanlar ki, gələcəkdə seçdiyi sahədə peşəkar olacaq, onlar zamanın çağırışlarına davam gətirə və ölkənin inkişafına dəstək ola bilərlər”.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd etdi ki, bu müsabiqə şagirdlərə elmi-tədqiqat işlərində bacarıqlarını nümayiş etdirmək imkanı yaradır və gələcəkdə onların beynəlxalq səviyyədə uğur qazanmasına təkan verir. Rektor “Sabahın alimləri” müsabiqəsinə qatılanların arasında qızların sayının ildən-ilə artmasının sevindirici hal olduğunu vurğuladı. O, müsabiqənin 14 ildən bəri keçirilməsini üstünlük kimi qiymətləndirdi.
“Biz gənc nəsli elmə yönləndirmək üçün addımlar atmalıyıq. Şagirdlərdə təfəkkür, təhlil və araşdırma qabiliyyətini artırmaq lazımdır. “Sabahın alimləri” kimi müsabiqələrin keçirilməsi gənclərdə rəqabət ruhunu və potensiallarını ortaya qoyur. Bəzən gənclər çox potensiallı olsalar da, özlərini ifadə edə bilmirlər. Gənclərin bacarıqlarının ortaya çıxarılması üçün bu cür müsabiqələr vacibdir”. – Bu fikirləri isə Milli Məclisin deputatı Ceyhun Bayramov səsləndirdi.
Tədbirdə INTEL ISEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev öz təcrübələrini bölüşdü. Çıxışlar yekunlaşdıqdan sonra elmi-tədqiqat institutlarının əməkdaşları, məktəb direktorları, doktorantlar, tələbələr və şagirdlər üçün xüsusi sərgi təqdim olundu. Müsabiqənin üç gün davam edəcəyi nəzərdə tutulub.
Rizvan FİKRƏTOĞLU
XQ