Suverenliyimizin tam bərpası müstəqilliyimizin təntənəsidir

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Konstitusiya və Suverenlik İli” münasibəti ilə keçirilən dəyirmi masada Azərbaycanın dövlət suverenliyinin konstitusiya əsasları və ölkəmizdə demokratik-hüquqi dövlət quruculuğunun uğurları diqqət mərkəzində olub.

Məclisdə əvvəlcə suverenliyimizin konstitusiya təminatı ilə bağlı keçilən yoldan bəhs edən film nümayiş etdirilib.

Müzakirəni giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu ilin noyabrında Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 ili, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü tamam olur. Prezident İlham Əliyev bu münasibətlə 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edib. Mingəçevir ŞİH-in əlamətdar illə bağlı tədbirlər planında şəhərdə silsilə konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, mədəni-kütləvi toplantılar keçirilməsi nəzərdə tutulub.

Dəyirmi masada şəhər prokurorunun müavini Balahüseyn Şabanovun, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevin, Mingəçevir Dövlət Universitetinin hüquqşünası Polad Atayevin, orta məktəbin tarix müəllimi Afaq Mustafayevanın konstitusiya və suverenlik mövzusunda məruzələri dinlənilib. Bildirilib ki, dövlət başçısının “Konstitusiya və Suverenlik İli” barədə sərəncamında qeyd edildiyi kimi, əsrlər boyu milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış xalqımız XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. 2020-ci ilin payızında aparılmış 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində isə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş ərazilərdə də bərqərar olub.

Natiqlər vurğulayıblar ki, suverenliyimizin tam bərpası müstəqilliyimizin tarixi təntənəsi olub. Bu münasibətlə dövlət başçısı 20 sentyabrı Dövlət Suverenliyi Günü elan edib. Bütün bunlar Azərbaycanı dünyada yeni reallıqların müəllifi kimi tanıdıb.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat