Böyük inkişaf yolu keçmiş Azərbaycan mədəniyyəti tarix boyu bütün düyaya səs-səda salmışdır. Bütün sənət sahələrində, o cümlədən rəssamlıqda böyük ustadlar yetişmiş, onlar da öz tələbələrinə yol göstərərək gələcəyin uğurlu rəssamlarını yetişdirmişlər. Bu gün bizim muzeylərimizi, qalereyalarımızı bəzəyən dahi rəssamlarımızın əsərləri ölkəmizə dörd bir yandan səfər edən xarici qonaqları, ziyarətçiləri heyran edir.
Böyük ustadlardan dərs alaraq bu günki incəsənətimizi təmsil edən olduqca istedadlı gənclərimiz də az deyil. Onlardan biri də istedadlı rəssam Elnarə Xanlarovadır. Gəlin biraz onun həyat və ndan bəhs edərək bu sahəyə necə gəlməsindən söhbət açaq.
Yaradıcılığı ilə diqqət çəkən Elnarə İslam qızı Xanlarova 28 dekabr 1987-ci ildə Bakıda anadan olub. O, 1994-cü ildə Fikrət Tağıyev adına 72 saylı tam orta məkəbdə təhsil alıb. Qələm tutmağı, oxumağı, yazmağı öyrəndiyi bu məktəbdən 2002-ci ildə ayrılıb və Bakıxanov qəsəbəsi 1 saylı Bakı Peşə Liseyinə qəbul olunub. Hələ kiçik yaşlarından rənglərə böyük duyumu olan Elnarə rəssamlığa böyük maraq göstərib.
O, rəssamlıq sənətinin sirlərinə bələd olmaq üçün rəssam Məzahir Rüstəmovdan rəsm dərsləri almağa başlayır. Böyük marağı olan bu sahədə uğurlara qədəm qoyqudca məqsədləri də artmağa başlayan gənc qız peşəkar rəssamlıq təhsili almağın vacib olduğunu düşünərək yeni addımlar atmağa başlayır. Beləliklə o, çox keçmədən, 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsinə “Rəssamlıq” ixtisası üzrə qəbul olunur. Akademiyada təhsil aldığı illərdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Arif Kazımov, Bəxtiyar Yusifov, Telman Abbasov kimi rəssamlardan bu sənətin dərinliklərini öyrənir.
Elnarənin uğurlu təhsil illəri ötdükcə vaxt gəlib çatır diplom müdafiəsinə. Gənc rəssam qız “Kino və televiziya” mövzusunu seçir. Bu yolda ona kino, geyim və dekor sənətçisi, Xalq Rəssamı rəssamı Mayis Ağabəyov böyük dəstək olur, yol göstərir. O, kino rəssamlığı haqqında bilmədiyi bir çox yeniliyə bələd olur. Viktor Hüqonun “Səfillər” romanını diplom müdafiəsi mövzusu seçir. Böyük bir sevgi ilə çalışaraq uğurlu rəsm əsəri ərsəyə gətirir. Həmin tablo müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir. Bu uğur və Mayis Ağabəyovun ona güvənib dəstək olması gənc qızın bu sənəti həvəslə davam etməsində böyük rol oynayır. O, bir çox respublika bə ümumdünya sərgilərinə qatılır, müxtəlif diplom və mükafatlara layiq görülür. Beləcə, ölkə üzrə istedadlı rəssam kimi adını tanıtmağa nail olur.
Elnarə Xanlarova gənc olmasına baxmayaraq, daim yaradıcılıq axtarışında olan, öz dəst-xəttini qoruyan rəssamlardandır desək, yanılmarıq. İstər kağız üzərində çəkdiyi qrafik əsərlərdə, istərsə də kətan üzərinə həkk etdiyi yağlı boya, akril texnikalı əsərlərində bunu görüb hiss etmək olur. Kolorit zənginliyinə xüsusi diqqət yetirməsi diqqəti cəlb edir. “Sübh çağı”, “Kəlağayı”, “Zəfər Tağı”, “Avtoportret”, “Bahar müjdəli naturmort”, “Gövhərağa məscidi”, “Şərq Sənəmləri” , Çayxor”, “Sevgi nəğməsi”, “Ağoğlan monastırı”, “Balıqçılar evi “ və s. kimi bir çox əsərləri əlvan koloriti və maraqlı süjet xətti ilə seçilir. O, sadə və mürəkkəb kompozisiyalı əsərlər yaratmağa, rəsmlərində işıq–kölgə effektlərindən uğurla istifadə edə bilir. İstedadlı rəssamın çəkdiyi təbiət təsvirləri və insan obrazları şən əhval-ruhiyyəli, olduqca nikbin və gözəldir.
Elnarə xanım bir müddət İçərişəhərdə yerləşən “Medina Gallery”də fəaliyyət göstərmişdir. Vaxt tapdıqca rəssam dostları ilə plenerlərə qatılaraq gördüyü canlı, füsunkar təbiətin gözəlliklərini, əlvan günəşi, göy üzünü, mavi buludları, yam-yaşıl ağacları zəngin rənglərin ahəngi ilə təsvir etməyi də unutmur. O, 2018-ci ildən etibarən bir çox festivallara qatılıb və “Başlanğıc” adlı kataloqu dərc olunaraq sərgisi keçilib.
Özsənət yolunu tapmağı bacaran Elnarə Xanlarovanın əsərləri sözsüz ki, gələcəkdə çox gözəl qalereyaların, muzeylərin daimi ekspozisiyalarını bəzəyəcəkdir.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi İşçisi