Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə “1-ci Uşaq Teatr Festivalı” başlayır

post-img

Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək 6-14 yaş arası uşaqlar üçün “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu unikal tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəsilin mədəniyyətə marağının artırılması məqsədini daşıyır.

Festival çərçivəsində 15 komanda iştirak edəcək, hər bir komanda 10 nəfərlik heyəti keçmədən iştirak edə bilər. Komandalar tərəfindən təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək və yalnız Azərbaycan xalq nağılları əsasında hazırlanacaq. Bu yanaşma, uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.

Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin (AİM) direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri AİM-in təsisçisi Fərid Bağırov və layihənin kordinatoru məktəbin meneceri Rübabə Hüseynovadır.

AİMi festivalın təşkilində mühüm rol oynayaraq uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və mədəni irsimizin təbliği işinə töhfə verir. Məktəb həmçinin bu layihə vasitəsilə uşaqların teatr sənətinə olan marağını artırmağı hədəfləyir.

Festivalda iştirak etmək istəyən komandalar üçün qeydiyyat prosesi artıq başlamışdır.

Mədəniyyət