Şair Dilsuz Mustafayevin 80 illik yubileyi ilə əlaqədar vəsait hazırlanıb

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda “Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər” başlığı altında dəyərli ədibin həyat və bədii fəaliyyəti, yaradıcılığında dərin izlər buraxan Cənubi Azərbaycan problemi, publisistika sahəsində qazandığı uğurlar haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Dilsuz Mustafayevin poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrində olan fəaliyyəti ilə yanaşı, onun çox sayda bədii, publisistik əsərlərə redaktorluq etməsi, rejissor, ssenarist bir sıra uğurlu işlərin müəllifi olması da diqqətə çatdırılır. Materialda Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktoru olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyat nümunələri, sözlərinə bəstələnmiş musiqi notlarının siyahıları sərgilənir.

İstifadəçilər materialda Dilsuz Mustafayevin müəllifi olduğu və uşaq ədəbiyyatı nümunələrinə aid olan “Azıx mağarası”, “Hacı Zeynalabdin”, “Gavur quyusu”, “Osmanlı təpələri”, “Savalan dağı”, “Şeyx şamil və anası”, “Şuşa” kimi nağıl kitablarının və redaktoru olduğu “Elçin yaradıcılığı üzərində düşüncələr”, “Dünyanı belə gördüm”, “Mənim yüzilliyim”, “Bir gecənin sirri”, “Elçin – zaman həddini aşmış sənətkar” kimi 20-dən çox kitabın biblioqrafik təsviri ilə tanış ola bilərlər.

“Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Mədəniyyət