Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli ilə Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrının direktoru Əzim Mullaxanov arasında görüş keçirilib.
Ə.Mullaxanov teatrın Özbəkistanda yaradılan ilk teatrlardan biri kimi zəngin keçmişi olduğunu bildirib. Bu gün rəngarəng repertuarı ilə tamaşaçılar qarşısına çıxan teatrın səhnəsində milli və əcnəbi müəlliflərin pyesləri yer alır. O həmçinin bildirdi ki, teatrın repertuarında Azərbaycanın məşhur “Qaynana” pyesi də var və bu tamaşanın nümayişi hər zaman anşlaqla keçirilir.
AMM-nin direktoru A.Marifli Azərbaycanda zəngin tarixi yol keçmiş teatr sənətinə böyük diqqət yetirildiyini, ölkəmizdə teatrın 150 yaşı olduğunu bildirib. O, Azərbaycanda Milli Teatr Gününün hər il qeyd edildiyini də diqqətə çatdırıb. Deyilib ki, Azərbaycan teatrının bugünki inkişafı özünü ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.
Görüşün sonunda Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında hər il keçirilən ənənəvi beynəlxalq teatr günlərində Azərbaycan teatr gününün keçirilməsi də razılaşdırılıb. Burada Azərbaycan musiqisinin, rəqslərinin, teatr tamaşalarından səhnələrin nümayişi təşkil ediləcək. Bundan başqa Mədəniyyət Mərkəzi tərəfindən Mukimi Teatrına Azərbaycan teatr sənəti, mədəniyyəti, tarixi və ədəbiyyatı ilə bağlı kitablarn, yeni musiqi partituralarının verilməsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, Azərbaycandan dəvət olunmuş sənət adamlarının iştirakı ilə rejissorluq və aktyorluqla bağlı ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd