65 ildən bəri fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” ədəbi məclisinin budəfəki toplantısı mərhum Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmişdi. Məclisin sədri Fərzalı Ziyanurun aparıcılığı ilə keçirilən tədbirdə “Ulduzlar”ın üzvləri ilə yanaşı, rayonun tanınmış ziyalısı, ictimai xadim, Zəlimxan Yaqubun ailə dostu olmuş Abdulla Didarov da iştirak edirdi.
A.Didarov Azərbaycanın və türk dünyasının dəyərli söz ustadı, böyük Turançı Zəlimxan Yaqubla bağlı xatirələrini bölüşdü. O, şairin zəngin ədəbi irsindən söz açdı, onun şeirlərindən parçalar səsləndirdi. A.Didarovun Zəlimxan Yaqubla şəxsi görüşləri, onun şirin zarafatları, hətta xəstə yatağında olduğu zaman qıvraqlığını qoruyub saxladığı barədə isti xatirələri xoş təəssürat buraxdı.
Sonra tanınmış şair, fəlsəfə doktoru Gülümbala Nəsirli həm Zəlimxan Yaqubla bağlı ürək sözlərini bölüşdü və yeni şeirlərini oxudu. “Ulduzlar”ın üzvləri – filoloq Tahir Musayev, Mehparə Sadıqova, Rübabə Mustafayeva, Pakizə Zalova və Gözəl Azayeva, şair-rəssam Qərib Aşkari və qəzəlxan Mövlan Şahid, eləcə də Cümşud Aydəmir, Səxavət Ənvəroğlu, Firudin Həvəskar, İbrahim Ağçaylı çıxış etdilər.
“Ulduzlar”ın toplantısında “BAYRAQDAR MEDİA”-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət çıxış edərək Zəlimxan Yaqubla bağlı xatirə və fikirlərini söylədi, səslənən şeirlərə münasibətini bildirdi.
XQ