Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilib

post-img

Yaponiyanın ən böyük musiqi mərkəzlərindən biri olan “Yamaha Music Yokohama Minatomirai”-da “Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi ilə tanışlıq” mövzusunda konsert-mühazirə keçirilib. Bu, mərkəzin tarixində Azərbaycan bəstəkarının yaradıcılığına həsr olunmuş ilk musiqi tədbiri olub.

Layihənin təşəbbüskarı Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovadır. O, konsert-mühazirədə Azərbaycan klassik musiqi tarixindən və Qara Qarayev yaradıcılığından danışıb, dahi bəstəkarın fortepiano üçün əsərlərini ifa edib.

“Yamaha Music Yokohama Minatomirai”nin təşkilatçılığı ilə baş tutan konsert-mühazirə bir gün ərzində iki dəfə olub və anşlaqla keçib.

Qeyd edək ki, Yaponiyanın “Zen-On” nəşriyyat evində Qara Qarayevin fortepiano üçün əsərlərindən ibarət not kitabı buraxılıb. Kitabda yapon və ingilis dilində verilən metodik tövsiyələr Gülnarə Səfərova tərəfindən işlənilib. Bəstəkarın “Simli kvartet, "Yeddi gözəl" baletindən süita və "Don Kixot" simfonik qravürlərinin partituraları Yaponiyanın bütün musiqi mağazalarında və onlayn platformalarda satılır.

Hazırda Yaponiyada Qara Qarayevin bəstəkarlıq irsi ilə tanışlıq və musiqisinin təbliği işləri davam etdirilir. 2026-cı ildən başlayaraq Tokionun gənc pianoçular müsabiqəsinin proqramına XX əsrin görkəmli bəstəkarları sırasında Qara Qarayevin də əsərlərinin daxil edilməsinə qərar verilib.

Azərbaycan dövlətinin diaspor və mədəniyyət siyasətinə, “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ilin ikinci yarısında Yaponiyada Qara Qarayev yaradıcılığı ilə bağlı böyük bir layihə və tədbirin həyata keçirilməsi nəzərdə tutulur.









Mədəniyyət