Prezident İlham Əliyev “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə Fərmanı şərh edərək bildirib ki, Əsasnamənin təsdiq edilməsi ilə yeni avtomatlaşdırılmış informasiya sisteminin ölkəmizdə tətbiqi qida təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayacaq. Onun fikrincə, bu qərar 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramının icrasını dəstəkləməklə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, hesabatlılığın və dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir. Yeni sistemin tətbiqi ölkədə qida təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olmaqla bir sıra vacib yenilikləri ehtiva edir.
S.Cumazadə qeyd edir ki, bu innovativ avtomatlaşdırılmış sistem qida məhsullarına nəzarət prosesini optimallaşdıraraq dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirəcək və inteqrasiyanı gücləndirəcək. Nəticədə vətəndaşların daha təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarına çıxışı təmin olunacaq. Sistem qida təhlükəsizliyi sahəsində rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, nəzarət mexanizmlərini təkmilləşdirəcək və sənədləşmə proseslərini daha effektiv edəcək. Eyni zamanda, dövlət nəzarətinin gücləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın artırılması sayəsində qida təhlükəsizliyi ilə bağlı operativ və optimal qərarların qəbulu sürətlənəcək. Bundan əlavə, sistem qida məhsullarına dair məlumatların vahid elektron bazada mərkəzləşdirilməsini təmin edəcək. Bu məlumatlar real vaxt rejimində toplanacaq və analitik üsullarla təhlil ediləcək ki, bu da potensial risklərin daha tez aşkarlanmasına və operativ idarəetmənin gücləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin yeni texnoloji həllər vasitəsilə təmin edilməsi ölkənin ərzaq sektorunda keyfiyyət standartlarının yüksəldilməsinə və istehlakçıların sağlamlığının qorunmasına mühüm töhfə verəcək.