Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli tam orta musiqi məktəbində 9-cu sinif şagirdi Zərrin Şükürovanın solo konsert proqramı olub. Konsertlə yanaşı, gənc istedadın “Zəfər yolu” kitabının da təqdimatı keçirilib.
Solo konsertdə “Qara torpaq”, “Vals-Kapris”, “Klonun səhər mahnısı”, “Elegiya” kimi əsərlər səsləndirilib.
İstedadlı məktəbli bildirib ki, konsert dörd aya ərsəyə gəlib. Proqrama daxil edilən Avropa, türk və rus bəstəkarlarının əsərlərinin hər biri geniş həcmlidir və onların ən qısası 6 dəqiqəlikdir. Şadam ki, öhdəsindən bacarıqla gələ bildim.
Özünün “Zəfər yolu” kitabı barədə də məlumat verən yeniyetmə müəllif bildirib ki, kitabda 44 günlük Vətən müharibəsinə həsr olunmuş bir hekayə və onun bəstələdiyi musiqi əsəri yer alıb. Hekayə müharibədə qəhrəmanlıq göstərən igid əsgərin həyatından bəhs edir. Zərrin Şükürova deyib: “Bu hekayəni iki il öncə məktəbdə Zəfər Günü ilə bağlı verilən tapşırığa əsasən qələmə almışam. Hekayəm böyük maraqla qarşılandığına görə, onun əsasında musiqi bəstələmək qərarına gəldim. Bu, mənim sayca 3-cü kitabımdır. Daha əvvəl “Qaranquş” və “Şərq nağılları” adlı kitablarım da nəşr olunub. Yaradıcılığımla ölkəmə öz töhfəmi vermək istəyirəm”.
XQ