Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini vermiş mərkəzlərdəndir. Respublika Velotrekinin bazasında fəaliyyət göstərən idman ocağı 1994-cü ildə yaradılıb.
Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm velotrek meydanında, həm veloparkda, həm də ölkənin şose yollarında keçirlər. Trekin ərazisindəki inzibati binada velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün otaqlar var. Eyni zamanda, konfrans zalı və digər yardımçı otaqlar da burada yerləşir.
Fevralın soyuq günlərinin birində həm idmançıların trek üzrə məşqini izləmək, həm də onların hazırlıq prosesi ilə tanış olmaq üçün Bakı metrosunun “20 Yanvar” stansiyası yaxınlığındakı məktəbin əsas bazası olan Respublika Velotrekə baş çəkdik.
Məşqə başlayan uşaqların trek ətrafında yüngül qaçışını, eyni zamanda, digər isinmə hərəkətlərini izləyirik. Velosipedlərin hərəkətə başlaması ilə, sanki, idmançılar daha da çevikləşirlər. Trek ətrafında 1 dövrədə, təxminən, 333 metrlik məsafə qət edən uşaq və yeniyetmələrin yanaqları soyuqdanmı, günəşin ilıq şüalarının hərarətindənmi bir qədər qızarıb. “Həyat velosiped sürmək kimidir. Tarazlığınızı saxlamaq üçün hərəkət etməlisiniz”, – məşhur deyimini xatırlayırıq. Velosipedlər şütüdükcə isə sürət daha da artır, mübarizə gərginləşir, daha inamlılar önə çıxır.
Gərgin və maraqlı məşqlərdən sonra uşaqlarla elə trekdəcə söhbətləşirik. 11 yaşlı Bəhram İlyasov Binəqədi rayonunda yaşayır. 182 nömrəli tam orta məktəbdə təhsil alır. Deyir ki, hansı hava şəraiti olursa-olsun, məşqlərini davam etmək istəyir:
– Məktəbdə məşqlər ürəyimcədir. Burada çox şey öyrənmişəm. Hətta soyuq hava şəraitində məşqlərimizi davam etdirməkdən çəkinmirik. Gələcəkdə peşəkar velosipedçi olmaq arzusundayam.
Məhəmməd Nəzərov isə 6 aydır ki, məşqlərə qatılıb. Deyir ki, ən maraq göstərdiyi idman növü olub. Məşqçilərin tapşırıqlarını dəqiqliklə yerinə yetirməyə çalışır. Getdikcə, daha çox özünə inanır.
Məhəmmədin atası Elvin Nəzərov da oğlunun məşqlərini diqqətlə izləyir. Öyrənirik ki, onun hər iki oğlu idmanla məşğul olur. Məhəmməd velosiped idmanına, böyük qardaşı isə üzgüçülüyə maraq göstərir:
– Oğlumun hələ kiçik yaşlarından velosiped sürməyə böyük marağı var idi. Düşündük ki, bu idman növü üzrə özünü sınasın. Hər şey yaxşıdır. Getdikcə özünəinamı artır. Məşqlərdə fəaldır. Yoruldum demir. İnşallah, gələcəkdə onu böyük yarışlarda görəcəyik.
Süleyman Ələkbərovun 18 yaşı var. Cəmi 6 ay məşq etməsinə baxmayaraq artıq ölkədaxili yarışlarda nailiyyətlər qazanıb:
– İndiyədək 4 yarışda mükafatçılar sırasında yer almışam. Azərbaycan çempionatında 2-ci yeri tutmuşam. Çalışıram ki, ustalığımı daha da artırıb, beynəlxalq yarışlarda fərqlənim.
Bəzi insanlar üçün velosiped hobbi, bəziləri üçün sadəcə bir nəqliyyat növü, digərləri üçün isə həyatın özüdür. Buradakı uşaq və yeniyetmələr arasında da elələri var ki, velosiped onlar üçün ayrıca bir dünyadır.
ROEQİUGVM-in direktor müavini Gülnarə Məlikova hazırda məktəbin bir sıra yerlərdə bölmələrinin fəaliyyət göstərdiyini dedi:
– Hazırda məktəbimizin 30-dan artıq bölməsində 300-ə yaxın idmançı məşğul olur. Bakının bir sıra orta məktəblərində, Sumqayıt, İsmayıllının İvanovka kəndində bölmələrimizdə məşqçilərimiz çalışır. Onların bir çoxunun əvvəllər idmançı kimi nailiyyətləri olub. Dövlətimiz velosiped idmanına böyük diqqət və qayğı göstərir. Bu idman növünün inkişafı üçün infrastruktur qurulub və təkmilləşdirilir. Mükəmməl infrastruktura malik BMX Veloparkında Dünya çempionatı da keçirilib. Son illər Bakıda velosiped zolaqlarının salınması velosiped idmanına marağı daha da artırıb.
G.Məlikova onu da dedi ki, velosiped idmanının təbliği məqsədilə orta məktəblərdə nəzəri və praktiki təlimlər keçirilir. Dəzgah üzərində velosiped məşqləri göstərilir. Məktəb ətrafında velosiped yürüşü təşkil edilir:
– Məktəblilərlə yanaşı, böyüklər arasında da bu idman növünə marağı artırmaq üçün bir sıra yarış və tədbirlər keçiririk. Dövlət qurumlarının əməkdaşları arasında dəfələrlə yarışlar, eləcə də yürüşləri keçirmişik. COP29 çərçivəsində Bakı Türk Anadolu liseyinin müəllim, şagird kollektivi ilə böyük bir yürüş təşkil etdik. Bundan başqa, COP29-a gələn qonaqların iştirakı ilə Ağ şəhər bulvarında keçirilən yürüş də diqqəti cəlb edən tədbirlərdən olub.
Gülnarə müəllimə onu da qeyd etdi ki, velosiped idmanı ilə məşğul olmaqla uşaqlar həm sağlam olur, həm də bu idman növünün sirlərinə yiyələnməklə yarışlarda böyük nailiyyətlər qazanırlar:
– Hazırda məktəbin yetirmələri arasında potensiallı idmançılar var. Onların öz bacarıqlarını artırmaları üçün əlimizdən gələni edirik. Əsas məqsədimiz ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar yetişdirməkdir.
Məktəbin məşqçi-müəllimi Elçin Qasımov əvvəllər şosse və trek növü ilə məşğul olub. Yerli və beynəlxalq yarışların qalib və mükafatçı olub. Bizimlə söhbətində qeyd etdi ki, trekdə təhlükəsizlik maksimum təmin olunub:
– Burada məşqlərin yüksək səviyyədə təşkili üçün hər bir şərait var. Məşqlərdə trenajor və velo dəzgahlardan istifadə edərək, uşaqların fiziki hazırlığını artırırıq. Məqsədimiz, həm uşaqların sağlamlığını qorumaq, həm də yerli və beynəlxalq yarışlarda uğurla təmsil olunmaqlarını təmin etməkdir. Rəhbərlik, məşqçilər heyəti, həm də idmançılar çalışırlar ki, maksimum nəticə əldə etsinlər. Velosiped həm idmandır, həm nəqliyyat vasitəsi, həm də sağlamlıq. Uşaqlara çağırış edirik ki, hər bir şəraiti olan məktəbdə bu gözəl idman növü ilə məşğul olmağa tələssinlər.
Məktəbin trenajor zalına daxil oluruq. Arenada təlimatçı-metodist Tural Sadıqlı ilə də həmsöhbət olduq. O qeyd etdi ki, soyuq, yağışlı havalarda trenajor zalında uşaqlar fiziki hazırlıqlarını artırırlar:
– Treklə yanaşı, məktəbin filiallarında da məşq yerlərimiz var. Bakının 260, 161 nömrəli məktəblərində, Balaxanı, Kürdəxanı, Maştağa, Sumqayıtda və digər yerlərdə məşqçilərimiz fəaliyyət göstərirlər. Müəllimlərimiz 2 növbədə çalışırlar. Onların məşqlərini izləyib, nəzarət edirik. Hazırda burada məşq keçən uşaqların hər birində potensial var və onu inkişaf etdirmək üçün bütün tədbirləri görürük. Məşqlərin lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar var. Yetirmələrimiz ölkə yarışları ilə yanaşı, beynəlxalq turnirlərdə də iştirak edirlər.
Sonda Velosiped Muzeyi ilə tanış olduq. Dünya velosiped tarixini əks etdirən eksponatların toplandığı muzeydə ikitəkərli nəqliyyat vasitəsinin müxtəlif növləri yer alıb.
Ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi olan velosiped idmanının daha da tərəqqi etməsi arzusu ilə trekdən ayrılırıq. Ümid edirik ki, ROEQİUGVM velosiped idmanının inkişafına daha böyük töhfələr verəcək.
Leyla QURBANOVA
Cavid QAÇAYEV (foto)
XQ