“Sən gəlməz oldun”

post-img

Bu mahnı isə dünyanı dolaşır

Azərbaycanda, xüsusilə qardaş Türkiyədə sevilərək ifa olunan musiqi əsərlərindən biri də “Sən gəlməz oldun” mahnısıdır. Ələkbər Tağıyev Mədinə Gülgünün “Durnalar qayıtdı” şeirinə müraciət edərək, bu mahnını bəstələyib. İki istedadlı sənətkarın ərsəyə gətirdiyi bu məşhur bəstə dünya musiqisinin 40 ən yaxşı mahnısından biri olub.

Bəstəkar bu mahnını qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr edib. O, övlad sahibi olduqdan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar olur. Uşağının 1 yaşı olmamış dünyasını dəyişir. Bu hadisə sənətkara çox pis təsir edir. Dəfn mərasimindən qayıtdıqdan sonra bu mahnını yazır.

Əsər dərin emosional məzmunu və melodik zənginliyi ilə seçilir. Mahnının mövzusu həsrət və ayrılıq üzərində qurulmuşdur. Dinləyiciyə sanki, keçmişdə yaşadığı sevgi dolu anları xatırladır və vaxtilə sevdiyi, könül bağladığı insanın yoxluğunun acısını hiss elətdirir. Sözlərdəki kədər və həsrət, Ələkbər Tağıyevin musiqisi ilə musiqisevərlərə daha təsirli şəkildə təqdim olunur.

Mahnını ötən illərdə müxtəlif ifaçılar səsləndiriblər. Sonralar tanınmış ifaçı Əlixan Səmədov “Sən gəlməz oldun”u balabanda səsləndirməklə mahnıya ikinci nəfəs verib. Mahnı yenə də səslənir və sevilir. Hətta qonşu ölkələrin ifaçıları da bu əsərə müraciət edirlər. Mahnı dəfələrlə türk, rus və başqa ölkələrin müğənnilərinin repertuarına daxil olub, müsabiqələrdə ifa edilib, klip çəkilib, müxtəlif filmlərdə də istifadə olunub.

Azərbaycan musiqisində öz sözünü demiş və dünyaya səs salan əsəri ilə hər kəsin qəlbində əvəzsiz yeri olan Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişib. Maştağada “Seyidlər” qəbiristanlığında torpağa tapşırılan bəstəkarın başdaşının üzərində şair Hafiz Baxışın sözlərinə bəstələdiyi “Mənim dünyam” mahnısından bir parça yazılıb:

Mən də sənə bir qonağam,
mənim dünyam, mənim dünyam.

Fidan SALMANOVA
XQ

Mədəniyyət