Vaqif Səmədoğlunun deyimləri və duyumları

post-img

Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığı kitabı bu ad ilə çap edilib. Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi “Mütərcim” nəşriyyatında işıq üzü görən, maraqlı tərtibatla hazırlanmış kitabda şairin aforizmləri Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub.

Yazıçı və iş adamı Rüstəm Dastanoğlunun dəstəyi ilə ərsəyə gələn kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, redaktoru AYB-nin katibi Səlim Babullaoğludur.

Səlim Babullaoğlu XQ-yə açıqlamasında bildirib: “Çox yaxşı ki, Vaqif Səmədoğlu Mərkəzi, Mərkəzin rəhbəri, şairin vəfalı ömür-gün yoldaşı Nüşabə xanım onun irsini yaşadır. Həm Azərbaycanda yeni-yeni kitablar çıxıb, həm də xaricdə şairin irsi təbliğ olunub, əsərləri müxtəlif dillərə tərcümə edilib. Müsabiqələr, poeziya gecələri keçirilib, filmlər çəkilib. Son kitab da Nüşabə xanım təşəbbüsü və bizim iştirakımızla ərsəyə gəlib”.

AYB katibi daha sonra Vaqif Səmədoğlunun 85 illik yubiley tədbirlərindən danışıb və deyib ki, bu kitabın nəşri son 1 ildə keçirilən silsilənin, yubiley tədbirlərinin sonuncusudur.

Kitab şairin maraqlı fikirləri, deyimləri, həmçinin müxtəlif vaxtlarda çəkdiyi fotolardan ibarətdir. Deyimlər, aforizmlər bir ayrı süjet xəttinə malikdir, fotolar bir ayrı, iki müstəqil, üst-üstə düşməyən xətt üzrə təqdim edilib. Burada şairin Allah, həyat, ölüm, poeziya, musiqi və s. mövzularda düşüncələri var, eyni zamanda şairin ailə üzvləri, yaxınlaı və dostlarının portretləri, peyzaj, şəhər təsvirləri, uşaqlar, çoxlu fərqli mövzularda fotoları yer alıb.

XQ

Mədəniyyət