Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 80 illiyi münasibətilə “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə rəsmi sənədlər, bəstəkarın musiqi notları, qramplastinkalar, həyat və yaradıcılığı, mədəniyyətin inkişafında böyük xidmətləri və səmərəli ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgidə isə rəsmi sənədlər, fotolar, beynəlxaq mükafatlar və fəxri adlar, Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində bürünc heykəlinin təntənəli təqdimat mərasimi, Şuşada keçirilən “Xarıbülbül” festivalı və “Vaqif poeziya günləri”, Bülbülün ev-muzeyinin bərpası və sair haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın bəstələdiyi musiqi notları, həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş etdirilir.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Polad_Bulbuloglu/index.htm linkindən istifadə edərək tanış olmaq mümkündür.
Sərgi bir həftə davam edəcək.