Sumqayıt Poeziya Evində tanınmış şair Zirəddin Qafarlının 70 illik yubileyi və yeni şeirlər kitabının təqdimatı keçirilib.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı şairin ədəbiyyatımızdakı mövqeyini, yaradıcılıq özəlliklərini incələyib. Sumqayıt Şəhər İcra Hakimiyətinin şöbə müdiri Fərman Kazımov rəhbərlik adından yubilyarı təbrik edərək, Sumqayıt ŞİH-nin hədiyyəsini ona təqdim edib.
“Ulduz” ədəbi-bədii jurnalının şöbə müdiri, şair Dayandur Sevgin və AYB Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin yubilyara ən xoş arzularını çatdırıblar. Milli Məclisin deputatı Aydın Hüseynov çıxışı zamanı Zirəddin Qafarlını uzun illər ərzində tanıdığını və onun yaradıcılığını diqqətlə izlədiyini vurğulayıb. “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov qurumun təsis etdiyi “Mikayıl Azaflı-100” medalını, plaketi və şairin şeirlərindən ibarət “Ömrüm nağıl oldu” kitabını yubilyara təqdim edib.
Sumqayıtlı şair, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli, eləcə də Musa Ələkbərli, İslam Sadıq, Rəfail İncəyurd, Rafiq Yusifoğlu, Aləmzər Sadiqqızı, yubilyarın M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunda tələbə yoldaşları olmuş Murad Köhnəqala və Nazim Əhmədli, Sumqayıt Teatrının aktyoru, Əməkdar artist İzaməddin Bağırov və başqaları şairə ürək sözlərini çatdırıblar. Aşıq Şəhriyar Qaraxanlı Zirəddin Qafarlının şeirlərini saz havası ilə səsləndirib.
Sonda yubilyar məclis iştirakçılarına təşəkkürünü bildirib və onlara imzalı kitablarını hədiyyə edib.
XQ