“Sabah” qəzeti: Qars-İqdır-Naxçıvan dəmir yolu xətti regionun iqtisadi potensialını açmağa kömək edəcək

post-img

Uzunluğu 223,9 kilometr olacaq Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması regionun iqtisadi potensialının açılmasına, o cümlədən Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti gələcək dəmir yolu xəttinin təsdiq edilmiş marşrut xəritəsini oxucularla bölüşərək yazır.

Nəşr qeyd edir ki, nəqliyyat layihəsi üzrə işlər fəal rejimdə davam edir: “Tikinti işlərinin 5 il ərzində başa çatdırılması planlaşdırılır ki, bu da Qars və Azərbaycanla həmsərhəd Dilucu sərhəd-keçid məntəqəsi arasında gediş-gəliş müddətini 85 dəqiqəyə endirəcək. Yeni layihə iki qardaş ölkə arasında strateji əlaqələr üçün stimul olacaq”. Qəzet Qars-İqdır-Naxçıvan dəmir yolu xəttini “müasir İpək Yolunun bir hissəsi” adlandırır.

Layihə çərçivəsində əsas işlər iki türk şirkəti olan “Kalyon” və “Cengiz İnşaat”a həvalə olunub. Bu ivraçılar artıq yüzlərlə mütəxəssisi işə cəlb ediblər, onların bir hissəsi İqdırda aparılan tikintidə iştirak edir.

Bundan əlavə, daha bir neçə tikinti zonası yaradılacaq ki, bu da yerli əhalinin məşğulluğu üçün yeni imkanlar açacaq.

“Yeni dəmir yolu xəttinin açılması ilə Qars, İqdır və Naxçıvan əsas beynəlxalq ticarət mərkəzlərinə çevriləcək”, -deyə Türkiyə nəşri qeyd edir.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev AZƏRTAC-a bildirib ki, Qars ilə Naxçıvan arasında yeni dəmir yolunun nəzərdə tutulan ötürücülük qabiliyyəti ildə 5,5 milyon sərnişin və 2 milyon ton yükdür.

“Şərqi Anadoluda qış mövsümünün iqlim şəraiti nəzərə alınaraq, tikinti işlərinə bu ilin mart-aprel aylarında başlanması planlaşdırılır”, -deyə diplomat qeyd edib.

Zamin Əliyev yeni dəmir yolu marşrutu boyunca yerləşən torpaq sahələrinin və digər daşınmaz əmlakın dövlət mülkiyyətinə verilməsi ilə bağlı artıq qərar qəbul etmiş Türkiyə hökumətinin mövqeyinə diqqət çəkib. Onun sözlərinə görə, bu, layihənin icrasında gecikmələri aradan qaldıracaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara



İqtisadiyyat