Turan dünyasının zəngin irsi ümumbəşəri önəm daşıyır

post-img

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.

Fonddan verilən məlumatda bildirilir ki, iclasda üzv ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, eləcə də təşkilatın əməkdaşları iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, fond tərəfindən 2024-cü ildə 74-dən çox layihə və tədbir həyata keçirilib.

Sonra dövlət qurumlarının nümayəndələri və fondun əməkdaşları qurumun normativ sənədlərinə dəyişiklikləri müzakirə ediblər. Fondun 2025 və 2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş Türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmiş layihələrin ətrafında fikir mübadiləsi aparılıb. İclasın gündəliyinə, həmçinin Türk xalqlarının mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.

Məlumat üçün qeyd edək ki, cari il Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və təşkilatın ikinci Şura top­lantısı fonda üzv dövlətlərin mədəniyyət nazirliklərinin iştirakı ilə 7 fevral 2025-ci il tarixində Astanada keçiriləcək.

XQ

 

Mədəniyyət