Azərbaycan diasporu milli maraqların cazibəsində

post-img

Bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra bu əlaqələr daha da güclənib. Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə əsas körpü rolunu oynayır. Komitə xaricdəki soydaşlarımızın həyatı, icmaların fəaliyyəti ilə yaxından maraqlanır, mümkün olan qayğını, diqqəti onlardan əsirgəmir, əlaqələri layiqincə koordinasiya edir. Bu, Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, milli maraqlarımızın təmin olunması baxımından böyük önəm daşıyır.

Diaspor nümayəndələrimiz müasir texnologiyalardan istifadə edərək yaşadıqları ölkələrin ictimai rəyinin formalaşmasında petisiyalardan və yeni lobbiçilik vasitələrindən bacarıqla istifadə edirlər. DİDK-nin təşkilatçılığı ilə 2024-cü ilin yekunlarına həsr olunan, 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfransda bütün bunlar barədə ətraflı danışılıb. 

Komitədən verilən məlumata görə, videokonfransda xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konfransda giriş sözü ilə çıxış edən DİDK sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, ötən il reallaşdırılmış layihələr barədə məlumat verib. O, diaspor quruculuğunun uğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edərək. bildirib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin xaricdə nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın bir yerdə olması onların ürəklərimizin hər zaman dövlətimizlə bir vurmasının göstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir. 

Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub. Ötən il diaspor quruculuğu sahəsində qazanılmış saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər. 

Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər.

Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib, icma üzvlərinin, Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb. 

Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.

Konfrans iştirakçıları Prezident İlham
Əliyevə və Birinci vitse-prezident 
Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman doğma Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.

Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Ə.DOSTƏLİ 
XQ

 

Mədəniyyət