AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə həsr olunub.
Çıxışında bölmənin ötənilki fəaliyyətinə toxunan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu sahədə beynəlxalq əlaqələrin genişləndiyini, elektron hərəkatın əhatəli vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, Humanitar Elmlər Bölməsinin fəaliyyəti ümumilikdə müstəqil dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi milli ideyaları əhatə edir və bu ideoloji istiqamətində bölmənin əməkdaşları yorulmadan çalışırlar. Həmçinin bölmə əməkdaşlarının dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrlə bağlı sanballı fəaliyyət göstərdiklərini söyləyən akademik görkəmli ədibə həsr olunmuş 10-dan çox kitabın ərsəyə gətirildiyini, X Bakı Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edildiyini vurğulayıb.
Elmi nəşrlərdən danışan akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Türkiyənin Dərgi Park elektron baza reyestrinə daxil edildiyini, hazırda bu siyahının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Bundan əlavə, akademiyada işıq üzü görən 31 jurnalın elektron bazasının yaradılması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tədbirlər gördüyünü bildirib. Qeyd edib ki, jurnalların elektron resurslarının zənginləşdirilməsi gələcəkdə həmin nəşrlərin beynəlxalq bazalarda xülasələndirilməsinə meydan açacaq.
Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar Xalid Səid Xocayevin tərcüməsi əsasında AMEA-nın Dilçilik İnstitutu tərəfindən çap olunmuş lüğətin yeni nəşrinin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin akademiyanın 80 illik tarixində nadir hadisələrdən biri olduğunu deyib.
İclasda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Teymur Kərimli bölmə əməkdaşlarının 2024-cü ildə səmərəli fəaliyyət göstərdiklərini əsaslandırıb. “Yaşıl dünya naminə həmrəylik ili” və dövlət başçısının sərəncamlarından irəli gələrək bir çox işlər görüldüyünü vurğulayıb.
Daha sonra Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, 2024-cü ildə HEB-in elmi müəssisələrdə 34 problemə aid 71 mövzuya dair 437 tədqiqat işi, 104 mərhələ aparılıb, 11 mövzu, 259 iş, 100 mərhələ tamamlanıb. O qeyd edib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 140 kitabı (7-si xaricdə), 60 monoqrafiyası (8-i xaricdə), 1828 məqaləsi (430-u xaricdə), 345 tezisi (157-si xaricdə), 11 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 20-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 384 istinad qeydə alınıb.
Humanitar Elmlər Bölməsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Klassik divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan folklorunda təbiət kultu”, “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda konfranslar, “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi təşkil edilib, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.
Məruzəçi, həmçinin yubileylər, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 4 kitab çap olunub, 4 tədbir təşkil edilib, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı 11 kitab, 3 konfrans materialı və “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb, 2 beynəlxalq və 4 respublika konfransı, 1 simpozium, 1 konfrans və 1 tədbir keçirilib. Bundan əlavə, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar 2 kitab nəşr olunub, 4 tədbir təşkil edilib, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı isə 5 kitab çapdan çıxıb, 1 konqres, 1 respublika konfransı və 2 elmi sessiya keçirilib.
Qərbi Azərbaycana qayıdış çərçivəsində isə bölmənin əməkdaşları tərəfindən çoxsaylı lüğət, kitab”, elmi araşdırmalar toplusu nəşr olunub, 2 respublika konfransı təşkil edilib.
Bundan əlavə, məruzəçi AMEA-nın İraq–Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyətinə də toxunub, professor Qəzənfər Paşayevin Rəyasət Heyətinin iclasında “Azərbaycan İraq-türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda elmi məruzəsinin dinlənildiyini, “İraq-türkman folklor mühitinin çağdaş durumu”, “Çağdaş türkman ədəbiyyatı” mövzusunda elmi seminarların keçirildiyini deyib, nəşrlər və s. haqqında məlumat verib.
Həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər və s. barədə məlumatları diqqətə çatdırılıb.
Hesabat ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra təkliflərini səsləndiriblər.
Ə.ƏLİYEV
XQ