“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

post-img

“İRS-Heritage” jurnalı Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti və çoxşaylı irsi haqqında məlumatları müntəzəm olaraq dünyaya tanıdır. Jurnalın ingilis dilində nəşr olunan 58-ci nömrəsi artıq oxucuların ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, yeni nömrə bir-birindən maraqlı məqalələrlə zəngindir. Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlını “Deadly mines no obstacle to peace and civilization!” sərlövhəli giriş yazısında işğaldan azad olmuş ərazilərin ermənilər tərəfindən basdırılmış mina təhlükəsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-bərpa işlərinə, böyük qayıdışa problemlər yaratdığı vurğulanıb.

Rusiyalı jurnalist Andrey Vasilyevin “Karabakh. Reference point” məqaləsində Qarabağda gedən quruculuq işləri, son illər bölgəyə qayıtmış köçkünlərin torpaq sevgisi haqqında ətraflı məlumat verilir.

İngiltərədən olan publisist İan Peartın “Carpet Magic” adlı məqaləsində Azərbaycan xalçaçılığının sirli aləmi çox aydın və maraqlı bir şəkildə təqdim olunub.

İtaliyada yaşayan alim Məleykə Hüseynin müəllif olduğu “Social status of women in the Molla Nasreddin magazine” yazısında XX əsrin əvvəllərində Azərbaycanda qadınların sosial statusu və cəmiyyətdə tutduğu yeri araşdırılır.

““Saadet” Charity – a unique educational experience” (müəllifi Nərmin Bağırova) məqaləsində də ötən əsrin əvvəlində Bakıda xeyriyyə təşkilatı olan “Səadət”in unikallığı vurğulanır.

Digər diqqətçəkən yazı tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Shirvani - men’s garment in South Asia” sərlövhəli məqaləsidir. Burada Cənubi Asiya ölkələrində kişilərin ənənəvi geyim forması olan “Şirvani” haqqında danışılır. Məqalədə qeyd olunur ki, uzun kişi formasında, astarlı gödəkçə olan bu geyim növü Əfqanıstandan Cənubi Asiya ölkələrinə, Şri-Lanka və digər ölkələrdə kifayət qədər geniş yayılmışdır. O, “Şirvani” adlanır və onun mənşəyinin Azərbaycanın tarixi Şirvan bölgəsi ilə bağlı olduğunu ancaq az adam bilir.

Azad edilmiş ərazilərdə mina təhlükəsi haqda dolğun təhqiqat və araşdırma təqdim edən Roza Səfixanlı “The problem of landmines and UXO in the liberated territories” adlı məqaləsində bu bəşəri bəlanı konkret fakt və dəlillərlə geniş ictimaiyyətə çatdırır.

Beləliklə həmişə olduğu kimi “İRS-Heritage” jurnalı Azərbaycanın böyük irsinə dair nadir materiallarla dolu olan yeni sayını xarici oxucu auditoriyasına uğurla təqdim edir.

Jurnaldakı materiallarla İRS-in saytından (https://www.irs-az.com/en/journal/no-58-2024/532) tanış ola bilərsiniz.









Mədəniyyət