“Kandar” dan o yana nələr var?

post-img

Yazıçı Kamil Əfsəroğlunun “Kandar” romanı haqqında düşüncələr

İnsan həyatının elə dönəmi olur ki, dünəninə baş vurmaq qaçılmaz olur, xatirələr həyat amalına, yaşam enerjinə çevrilir. Dünəninə boylanıb sabahını qurmaq arzusudurmu, özünü  tanımaq, kimliyini dərk etmək duyğusudurmu – hər nədirsə, çox yazarlar keçmişlərinə, uşaqlıq, gənclik xatirələrinə baş vurmaqla tükənmiş həyat sevgilərini, yaşam həvəslərini, yaradıcılıq ilhamlarını  bərpa etməyə cəhd ediblər. Maksim Qorkinin  “Sahibkar”, “Uşaqlıq”, “Özgə  qapılarında”, “Xatirələr” və s. əsərləri yazıçının tanıtımında az rol oynamayıb,  uşaqlıq, gənclik xatirələrinin poetik əksi olan “Heydərbabaya salam” poeması Seyid Məhəmmədhüseyn Şəhriyarı söz mülkünün sultanına çevirib və s.

Müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan yazıçı-publisist Kamil Əfsəroğlunun  yaradıcılığında da avtobioqrafik səciyyəli əsərlər çoxdur. Əslində, yazıçılar istəsələr də, istəməsələr də öz həyatlarının çox nüanslarını yazılarına köçürməli olurlar. Kamil Əfsəroğlunun  oxucularına təqdim etdiyi  son romanı – “Kandar”  yazıçının həyatının  konkret dönəminə, hərbi xidmət dövrünə həsr edilib. Bildirim ki, bu mövzuda olan əsərlər həmişə geniş oxucu auditoriyası üçün maraqlı olub. Maraqlı olan həm də əsərin adı və ona seçilmiş epiloqdur: “Bəd ruhlar yovuq düşməsin deyə, evimizin kandarından nal asmışdıq. Dünyanın da kandarından nal asmaq gərəkdir...”

Görəsən, niyə? Yazıçı bu epiloqu ilə nə demək istəyir? Əsgəri xidmətdən bəhs edən əsərini “Kandar” adlandırmaqda Kamil Əfsəroğlunun  niyyəti nədir? Romanı oxutduran bu suallara alacağım cavabların marağı oldu. Etiraf edim ki, ilk səhifələr mənə darıxdırıcı gəldi. Romanın əvvəlində  publisistik üslub bədii üslubu üstələdiyindən əsər romandan çox sənədli oçerk təsiri bağışlayırdı. Sonrakı səhifələrdə isə  yazıçı səmimiyyəti özünü göstərdi, obrazlı  dili sözünü dedi, romanı sözbəsöz oxutdurdu. 

Görünən budur  ki, son illərin informasiya xaosu, sosial şəbəkələrdəki saysız paylaşımlar, gündəlik  qayğılar mütaliə vərdişlərimizi kökündən dəyişdirib, irihəcmli nəsr əsərlərinin mütaliəsini arxa plana keçirib. Şeiri oxumağa  qaşla göz arasında vaxt tapırıq. Elə hekayəyə də. Amma romanın  həcm, bədii yükü ağır olduğundan mütaliəsi  zaman alır. 

Zaman alsa da, oxucu onu düşündürən, maraqlandıran əsərlərin mütaliəsinə həmişə zaman ayırıb. Xüsusilə, hərbi xidmətdən bəhs edən, müharibə mövzusunda olan əsərlər  maraq doğurur. Bəlkə də hərbi xidmət keçmədiyimizə, ordu həyatı bizə cəledici göründüyünə görə bu mövzuda yazılan əsərlər qadınların daha çox marağını çəkir. Nobel mükafatı laureatı Ernest Hemunqueyin avtobioqrafik səciyyə daşıyan “Əlvida, silah”,  Lev Tolstoyun “Hərb və sülh”,  Stefan Sveyqin “Jozef Fuse” romanları təkrar-təkrar oxuduğum əsərlər siyahısındadır. 

Qayıdaq “Kandar”a.  Romanda  hadisələr ötən XX əsrin 70-ci illərində, keçmiş SSRİ dövründə baş verir. O dönəmə ki, ömrümün tam  bir qərinəsi həmin dövrün payına düşür. O dönəmə ki,  şəklin ancaq bir üzünü görmək imkanındaydıq, beynimiz kommunizm ideyalarına köklənmişdi, arzularımızın həddi sərhəd qapılarınacan idi. Oktyabrt, pioner, komsomol, kommunist adı altında qram-qram qanımıza yeridilmişdi sovet  ideologiyası. O ideologiyanın eyforiyası altında  yaşayırdıq ömrümüzü, gəncliyimizi. Bağlı sərhədlərin kandarından o yana nələr baş verir, insanlar  necə yaşayır? həmin dönəmin cavabsız sualları idi. Ayrı-ayrı planetlərdən daha məlumatlı idik, nəinki sovet sərhədlərinin kandarından kənarda baş verənlərdən. 

Qeyd  edim ki, Azərbaycan ədəbiyyatında avtobioqrafik səciyyəli romanlar az deyil. Yazıçı Kamil Əsrəfoğlununun “Kandar”ını fərqləndirən əsas cəhətsə əsərdə geniş oxucu kütləsi üçün maraq doğuran siyasi, ictimai məzmunlu  informasiyaların bolluğudur. Həmin dövrü yaşadığımdan onların bəziləri mənə tanış olsa da, bilmədiklərim, uzun illər ictimaiyyətdən gizlin saxlanılan, bu günümüzdə belə üstündən sükutla keçilən məqamlar da çoxdur. Yazıçının hərbi xidmət dövründə rastlaşdığı, yaxından müşahidə etdiyi, mətbuatın sifarişlə kənarda saxladığı  həyat həqiqəti belə idi: “Sovet vətəndaşlarına vəd edilən kommunizmdən  əsər-əlamət yox idi, əksinə, insanlar elə bil yolu-yolağanı azmışdılar, ona sarı getmir, gün-gündən o xəyali cəmiyyətdən uzaqlaşır, ümidsizliyə qapılırdılar. Aldanmış insanlar çıxış yolunu içkidə görür, ağına-bozuna baxmır, nə gəldi, nə düşdü içirdilər. Ərzaq qıtlığı olsa da, araq-çaxır sıxıntısı yox idi, su kimi axırdı, iç acqarına, içə bildiyin qədər. Və millət də içirdi, içə bildiyindən də artıq içirdi. Parklarda, küçədə-bayırda, tualetdə xəlvətcə araq-çaxır vuranlar bu yolla özlərinə kommunizm qurur, ayılmaq istəmirdilər”. XX əsrin son onilliklərində paytaxt Moskvada, sosializmin göbəyində yazıçının gördüyü bu mənzərə tezliklə hər şeyin köklü dəyişəcəyinin anonsu imiş.

Romanda diqqəti cəlb edən məqamlardan biri də rus millətindən olanların hərbidə xüsusi statusa malik olması, ölkə sərhədlərinin qorunmasının ancaq onlara etibar edilməsi, rusların digər milllətlərdən üstün sayılmasıdır. Rus şovinizminin həqiqi simasını açan bu detallar göstərir ki,  sovet xalqlarının sarsılmaz dostluğu ancaq sözdə olub,  əslində isə bütün dairələrdə, hətta orduda belə ruslar üstün imtiyazlara sahibləniblər, digər etnik qruplardan, dinlərdən olanlara aşağı gözlə baxılıb, orduda ən vacib postlar məhz ruslara, xristianlara etibar edilib. Əsərdə bütün bu nüanslar konkret faktlarla, hərbçilərin ad familiyaları ilə verildiyindən romanın oxucunu inandırmaq gücünü artırır. Kamil Əfsəroğlunun hakimiyyətin yuxarı eşolonlarında baş verən çəkişmələri, ziddiyətləri konkret faktlarla əks etdirməsi, onları əsərinə daxil etməsi romanı canlandırır, oxucu üçün maraqlı edir.  Yazıçının əsgərlik məcəralarının səmimi əks etdirməsi, istirahət saatlarında rəqs meydançalarında baş verənlərin nəqli kənd oğlanlarının ömürlərinin sonuna kimi həvəslə  danışdıqları “nağıl”ları xatırlatdı mənə...

“Alina komsomol putyovkasıyla Sibirə – BAM-a işləməyə gedib. Bu xəbər məndən ötrü gözlənilməz olduğundanmı, yoxsa nədənsə Sibir şaxtasının soyuğu canımdan keçdi, üşüdüm. Alinanın dilindən eşitdiyim sözlər qulağımda səsləndi: “Öz həyatının rəsmini özün çəkirsən, əlvan rəngləri seç...” Sovet gəncliyinin romantik qütbünün amalı belə idi. Yazıçı Alinanın timsalında   dövrün romantik arzulu vətənpərvər gənclərinin dolğun obrazını canlandırmaqla göstərir ki, həmin dövrün gəncliyinin ən böyük arzusu SSRİ-də kommunizm cəmiyyətini qurmaq, yaratmaq, bu ideallara sədaqət olub.

 “Azad” sovet mediası ancaq sözdə azad idi. Ölkənin ictimai-siyası həyatında baş verən ən kiçik neqativ hadisələr belə xaldan gizlədilirdi, pərdələnirdi, yasaqlanırdı. Hətta təbii fəlakətlər, baş verən qəzalar, yanğınlar belə xalqdan gizli saxlanılırdı. Bu bizim nəslin şahid olduğu, yaşadığı həqiqət idi və yazıçı gördüklərini romanda əks etdirməklə dünənimizdən sabahımıza körpü salır, sonrakı nəsilləri məlumatlandırmaqla ədəbiyyatın ən vacib missiyasını yerinə yetirir.  “Ölkənin kütləvi inforamasiya vasitələri ağızlarına su alıb susurdu. Onların demədiyini xarici radiostansiyalar deyirdi. Təyyarə qəzasında heyətlə birlikdə 73 nəfərin öldüyünü də “Alman dalğası”, “Azadlıq”, “Amerikanın səsi” radioları operativ xəbər kimi yaymışdı. Bu yad səsləri dinləmək qadağan idi. Qərbdən yayılan yad səsləri boğmaqdan ötrü dövlət külli miqdarda vəsait xərcləyir, o radio dalğalarını vurmaq məqsədi ilə güclü stansiyalar qururdu. Ölkədə yalnız sovet radiolarının səsi-sədası eşidilməliydi. Qadağalar artdıqca, əksinə, əhalidə yad səslərə maraq çoxalırdı. Qəzadan dörd gün sonra sovet mətbuatı, radio və televiziyasının batmış dili açıldı. “İzvestiya” qəzeti isə səhifənin aşağı küncündə ikicə cümləlik xəbər yazmaqla kifayətləndi”. Bu yazılanlar sovet ideologiyasının iç üzünün açılımıdır. 

Əsərin maraqlı hissələrindən biri yazıçının mavzoleydə Leninlə ruhən söhbətidir:

“– Vladimir İliç, çar İkinci Nikolayın ərgən qızlarının, xəstə oğlunun güllələnməsinə necə qıydınız?

Lenin gözlərini açmadan cavab verir və ölünün dediklərini yalnız mən eşidirəm:

–  Rusiyada monarxizmin kökü dibindən qazılmalıydı ki, xalq əlini çarizmdən birdəfəlik üzsün. O uşaqların babası mənim qardaşımı dar ağacından asdıranda onun qanını yerdə qoymayacağıma söz vermişdim.

– Asılanın qanı tökülmür, axı…

– Onda belə deyək – kəndirinin yerdə qalmayacağına and içmişdim. Tarix məni ittiham edə bilməz, çar ailəsini uşaqlı-böyüklü qırmaq haqda yazılı bir sənəddə mənim qolum yoxdur”. 

Tarixdə çox siyasətçilər bu metoddan istifadə edib günah zəncirini başqasının ayağına bağlamaq istəyib, amma zaman öz sözünü deyib, həqiqət gec ya tez yerini tapıb, zalım cəzasını alıb-Lenin və leninçilər, stalinçilər özləri ideyaları ilə  özlərinə ölüm hökmü yazıblar.

Yazıçı Kamil Əfsəroğlunun romanda demək istədiyi daha bir həqiqət var-insanların beynini dəyişməklə çox şeyə nail olmaq olar. Yəni ki,  Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı manqurtlar bütün dövrlərdə olub, olacaq. Leninin özü kimi mavzoleyinin də müqəddəs olması  sovet adamının beyninə elə yeridilmişdi ki, Moskvaya yolu düşən sıravi şəxs  də  mavzoleyin ziyarətinə qaçırdı, şikayət məktubları ora ünvanlanırdı, hətta mavzoleydə fəxri qaravulda duranlarla belə fəxr edən insanlar dəstəsi yetişirdi. Ən acınaqlısı da bu idi ki,  bu adamlar  xalqı irəli aparmalı olan ziyalılar idi, müəllimlər idi!

“– Andrey! Andryuşa! – bir qadının həyəcanlı səsi eşidildi. 

Səsə dönənlər oldu, əlbət, andreylər idi. Orta yaşlı qadın onlara yox, mavzoleyin qapısı ağzında fəxri qarovulda dayanmış iki əsgərdən birinə səslənirdi: 

– Məni tanımadın? Müəllimin olmuşam, Lidiya Georgiyevna! Həə, yadına düşdü? Andryuşa…

Qarovulda dayanmış əsgərlərin heç birindən səs çıxmadı. Qadın sözü elə bil daşa-divara deyirdi. Zənnində yanılmadığını bilmək üçün gözlərini ovuşdurdu. Gördüyünə inanıb bir də səslədi:

Andryuşa! Kənddə hər şey yaxşıdır, nigaran qalma, xidmətini çək! Əynindəki forma da sənə yaxşı yaraşır. Bil ki bütün Buxalovo kəndi səninlə fəxr edir!… Elə qızlar da sənin yolunu gözləyir”.

“Kandar” romanını oxuduqdan sonra yazının əvvəlində axtardığım bir çox sualların cavabını tapdığımı düşünürəm. Romanın adı ilə bağlı beynimdə yaranan ilk fikir bu oldu ki,  bəlkə də yazıçının məqsədi keçmiş SSRİ məkanının  kandarından o üzdə nələr baş verdiyini göstərmək, oxucuya çatdırmaq olub.  Dünyanın kənarında dayanan müharibə təhlükəsini, dünyamızın bu təhlükədən yox olmaq qorxusunu xatırlatmaq da ola bilər  Yazıçı romanın epiloqunda yazır axı-bəd ruhları qovmaq üçün dünyanın da kandarından nal asmaq gərəkdir. Arzularımızın, düşüncələrimizin kandarında nələr gözləyir bizi? Yalanla həqiqəti hansı kandar ayırır, birləşdirir? Bu günümüzdən sabahımızın kandarına necə adlamalıyıq? Suallar, yozumlar çoxdur. Bu fikirlər bir oxucu kimi mənim düşüncələrimdir. Bəs  sizin baxış bucağınızdan “Kandar” necə görünür? Bunu ancaq oxuyanda biləcəksiniz...

Esmira İSMAYILOVA,

Filologiya üzrə fəlsəfə doktoru



Mədəniyyət