Famil Mehdi – 90
Tanınmış şair, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdi ədəbi-elmi fəaliyyəti ilə daim yadda qalan şəxsiyyətlərdəndir. Şeir, məqalə və elmi əsərləri hər zaman yüksək dəyər alıb, keçmiş SSRİ və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuş Famil müəllim ali məktəb tələbələri üçün sanballı dərsliklərin müəllifi olub.
“Jurnalistika məsələləri” (həmmüəllif kimi) “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri Famil Mehdinin ustad qələminin məhsullarıdır.
Bir şair kimi isə onun “Sevəndən bəri” (1961), “Sadə sətirlər” (1963), “Mənim arzularım” (1964), “Ünvanım dəyişir” (1966), “Ömürdən səhifələr” (1970), “Qarabağ şikəstəsi” (1970), “Sadə sətirlər” (1972), “İllər və talelər” (1974) və s. kitablarını hər kəs sevə-sevə oxuyur. Bu kitablarda bir-birindən maraqlı və yadda qalan şeirləri və bərabər, “İnsan unudulmur”, “Göyü çiynində saxlayan adam” poeması da diqqət çəkir. Vətən torpağına sonsuz məhəbbət, insanlara qarşı həssaslıq və qayğıkeşlik bu kitabların əsasını təşkil edir. Xalq şairi Süleyman Rüstəm yazırdı ki, Famil Mehdinin gərgin, şərəfli əməyinin nəticəsində yazılmış bu əsərlər, həqiqətən, ədəbi həyatımıza yaxşı bir nümunədir. “Famil Mehdinin əsərlərində həyatilik, canlılıq, təbiilik çox güclüdür. Cünki o gördüyü hadisələri sevərək qələmə alır. Vətənimizin işıqlı gələcəyinə, yaradıcı adamların tükənməz qüdrətinə böyük inam bəsləyir”.
Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.
Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən.
Xalq yazıçısı Mehdi Hüseyn 1961-ci ildə, hələ Famil Mehdi bir o qədər də tanınmayan zaman “Ömür təzələnir” poeması ilə əlaqədar ona belə bir məktub yazıb: “Əzizim Famil! Bir yay günündə möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla Buzovna qayaları üstündə oturub balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir şairin adını çəkdik. Lakin diqqətlə qulaq asıb verilişin axırını gözləməli olduq. Axırda biləndə ki, poema görkəmli şairlərin deyil, sənin – cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq. Əzizimiz Famil! Aktyor dostum kimi mənim də hər şeydən əvvəl diqqətimi cəlb edən bu oldu ki, sən insanların sevinc və iztirablarını, daxili sarsıntılarını, həyat eşqini canlı poeziya dili ilə verə bilmisən. Sənin qəhrəmanların sevən, həyatın çətinliklərinə sinə gərən, qələbə çalmaq üçün özündə möhkəm qüvvə toplamağı bacaran real insanlardır. Bu sözlər birinci növbədə Nadirə aiddir: Müharibənin faciəsi onun timsalında ustalıqla ümumiləşdirilmişdir. Sənin təsvirində Nübar həqiqətən də səmimi və qayğıkeşdir, geniş ürəklidir. Adını bilmədiyimiz qadının – balaca Təranənin əsl anasının iztirabları təbiidir”.
Böyük şairimiz Məmməd Araz da qələm dostunun yaradıcılığını yüksək dəyərləndirib: “Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir. İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz. Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır.”
...Biz universitetin jurnalistika fakültəsinə qəbul edilən zaman qayda belə idi ki, əvvəl yaradıcılıq müsabiqəsi keçirilirdi və yalnız yazdığı inşa bəyənilən abituriyentlər imtahanlara buraxılırdı. Mənim inşam professor Famil Mehdinin müsbət rəyi ilə dəyərləndirilmişdi. Amma ilk cəhdimdə imtahanlardan lazımi qədər bal toplaya bilmədiyim üçün universitetdən sənədlərimi geri götürəndə həmin rəyi də alıb yadigar saxladım. Yazı qabiliyyətim haqqında Famil müəllimin yüksək həssaslıqla qələmə aldığı qeydlər məni daha da ürəkləndirdi və növbəti ildə uğurla imtahan verərək tələbə adını qazandım.
Elə təhsil illərində də eşidib gördüm ki, Famil müəllim tələbələrin sevimli müəllimi, dostu və sirdaşıdır. Onun 90 illiyi ilə əlaqədar məqalə yazdığımı eşidən həmin tələbələrdən biri, qələm dostum İlqar Həsənov mənə professorun qayğıkeşliyi, tələbələrə doğma münasibəti ilə bağlı bir epizod danışdı.
– Qrup yoldaşım, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev bizimlə eyni kursda oxuyan Lalə adlı qızı sevirdi. Lakin qızın atası tibb elmkləri doktoru, professor, anası isə məşhur ginekoloq idi. Buna görə də adi bir kəndli balası olan Alının elçilərini geri qaytarmışdılar. Əlacsız qalan Alı dərdini tələbələrin ən yaxın dostu sayılan professor Famil Mehdiyə danışdı. Bu da təsadüfi deyildi. Famil müəllimin şeirlərinin birində belə misralar vardı:
Səslənir qəlbimdə söz incə-incə,
Demirəm köçəri quşdu gözəllər.
Siz ölçüb-biçincə, fikirləşincə
Bir də görərsiniz, köçdü gözəllər.
Elçi də getməyə hazıram bu gün,
Tamada olmağa yenə hazıram.
Məktub əvəzinə, bax, bunun üçün
Həmin bu şeiri də sizə yazıram.
Famil müəllim elçiliyə gedib qızın valideynlərinin razılığını aldı. Və şeirində yazdığı kimi, onların toyunda möhtəşəm bir çıxış eləyib, qol götürüb oynadı da. Onun belə savab işləri çox olub. Təsadüfi deyil ki, Famil Mehdi yazırdı:
Məni dostun yolunda
İmtahana çəkin ki,
Çox alışıb yanmışam,
Dostları bu dünyada
Mən özüm qazanmışam!
Dünyaca məşhur texnika elmləri doktoru, professor Rafiq Əliyevin ölməzliyə qovuşmuş dostu, filosof şair Famil Mehdi haqqında xatirələrindən: “Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı həyat yolu onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir... Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir… Famil Mehdi ilə böyük alimimiz Xudu Məmmədov arasında da sıx dostluq var idi. Tez-tez bir yerdə Qarabağa döyüş yerlərinə gedərdilər. Xocalı faciəsini eşidən kimi isə mənimlə dərhal ora yollanıb... O milyonlarla oxucularının, tələbələrinin, Qarabağsevərlərin, Azərbaycan təəssübkeşlərinin qəlbində həmişə yaşayır”.
Ləpələr sahilə can atır yaman,
Bəlkə də çoxları bunu duymayır.
Sanki qulağıma deyir astadan:
İnsan bu dünyada unudulmayır.
Famil müəllimin misralarıdır. Biz sizi heç vaxt unutmayacağıq, əziz Famil müəllim! Ruhunuz şad olsun!
Əli NƏCƏFXANLI
XQ