Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yanki Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə XQ-yə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verərək bildirdi ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıblar.
Belarus Respublikası mədəniyyət nazirinin 1-ci müavini Dmitri Şlyaxtin isə qurulan əməkdaşlığı ölkələrimizin teatr sənəti sahəsində yeni mərhələ adlandırıb.
İlham Əsgərov Azərbaycan və Belarusun Mədəniyyət nazirliklərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirərək deyib ki, memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb.
Aleksandr Şestakov isə imzalanan memorandumu rəhbərlik etdiyi teatrın həyatı üçün vacib hadisə kimi dəyərləndirib. O, gələn il Bakı ilə Minsk arasında olacaq mübadilə qastrollarına hazırlıqların başladığını diqqətə çatdırıb.
Mərasimdə iştirak edən ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev böyük tarixə və yaradıcılıq imkanlarına malik olan iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, dost ölkələr olan Belarus və Azərbaycan arasında müxtəlif sahələrdə nümunəvi əməkdaşlıq və təcrübə mübadilələri mövcuddur. Teatrlar arasında imzalanan müqavilə mədəniyyət sahəsində atılan vacib addımdır və səhnə sənətinin inkişafına mühüm töhfə verəcək.
Xatırladaq ki, bundan 2 il əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrı arasında da əməkdaşlıq müqaviləsi bağlanmışdır.
XQ