Ədəbiyyatşünaslığımız mənəvi dünyamızı zənginləşdirir

post-img

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü ildə gördüyü işlər öz əhatəliliyi ilə diqqət çəkir. Ötən həftə institutda keçirilən elmi şura iclasında bu barədə ətraflı danışılıb, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunub. 

Hesabat ilində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, eyni zamanda, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar sanballı tədbirlər həyata keçirilib. 

Dövlət başçısının 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamı ilə bağlı akademik İsa Həbibbəyli “Yaşıl artım və dayanıqlı inkişaf”, “Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl dünya gözlərə nur verən elmin işığında” kimi elmi konfranslarda və BMT-nin iqlim dəyişmələri konfranslarının 2024-cü il noyabrın 11–22-də Bakıda keçirilən 29-cu sammitində iştirak edib, eləcə də məruzələr oxuyub. Eyni zamanda, AMEA rəhbəri Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Biomüxtəlifliyin Qorunması və Yaşıl  İnkişaf  Fondunun rəhbəri ilə görüşüb, AMEA ilə təşkilat arasında əməkdaşlıq memorandumu imzalayıb. Respublika və beynəlxalq tədbirlərdə institutun alim və mütəxəssislərinin iştirakı və məruzələri də əhatəli olub. 

Ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”  25 yanvar 2024-cü il tarixli  sərəncamı ilə bağlı institutda yaddaqalan tədbirlər görülüb. “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda konfrans, III Türk dünyası Ədəbiyyat və Kitab festivalında “Məhəmməd Füzuli – 530” paneli və digər tədbirlər keçirilib. Eləcə də Füzuli irsini əhatə edən tədqiqat əsərlərinin təqdim olunmasının başlıca məqsədi mütəfəkkir şairi dünyaya daha yaxından tanıtmaq olub.

Azərbaycan Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında” və “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamları ilə əlaqədar institutda maraqlı elmi tədbirlər təşkil olunub, o cümlədən tədqiqat əsərləri nəşr edilib.

Sona yetməkdə olan 2024-cü ildə Ədəbiyyat İnstitutunda 2 istiqamət, 8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat aparılıb, onlardan 95-i tamamlanıb, 38 iş üzərində isə tədqiqatlar davam edir. 2024-cü il üzrə mühüm elmi nəticələri əks etdirən, institutun alim və mütəxəssislərinin müəllifi olduğu bədii əsərlərin, dərsliklərin, tərcümələrin, konfrans materiallarının, impakt faktorlu məqalələrin, eyni zamanda, tərtib edilmiş kitabların siyahısı da böyükdür. Konkret olaraq qeyd edək ki, institut əməkdaşlarının 4-ü xaricdə olmaqla 76 kitab və monoqrafiyası, 249-u xaricdə, 18-i impakt faktorlu olmaqla, ümumilikdə, 1164 məqaləsi çap olunub. 

İlin son akkordları kimi, on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin VII cildinin I hissəsinin, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildinin – Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyasının və “İşıq adam” kitabının, həmçinin Nemət Bəsirin “Əsərləri”nin də çapa təqdim edilməsi barədə qərar verilib. 

“Elektron Ədəbiyyat İnstitutu” üzrə də bu il perspektivli nəticələr əldə edilib. Akademik platformalarda işin təşkili və jurnalların elektron variantlarının yaradılması sayəsində Ədəbiyyat İnstitutu virtual məkanda geniş təbliğ olunub. Bu elm müəssisəsinin rəqəmsal mühitə inteqrasiyası təqdirəlayiqdir. Artıq müəyyən müddətdir ki, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabı yaradılıb, nəticədə humanitar elmlər sahəsində alimlərin məqalələrinə olan istinadların sayı artıb. Yeri gəlmişkən, AMEA səviyyəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası – TÜBİTAK vasitəsilə dünyaya çıxış imkanları xeyli genişləndirilib. 

Yekunlara həsr olunan elmi şura iclasında AMEA prezidenti, akademik İsa Həbibbəyli, akademiya Rəyasət Heyəti aparatının Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli Ədəbiyyat hesabat ilində görülən işləri təqdir ediblər. İnstitutun yeni qəbul olunmuş doktorant və dissertantlarının 2025-ci il üçün fərdi iş planlarının təsdiqindən də bəhs olunub ki, bu da uğurlu perspektivlərə hesablanan addımdır. 

Qazanılan uğurların fərəh doğurması ilə bərabər, humanitar və ictimai elmlərin qarşısında prioritet vəzifələr də durur. Elektron elmin formalaşması istiqamətində fəaliyyət daha da dəstəklənməlidir. Akademik İsa Həbibbəyli demişkən, elektron Akademiya artıq bir zərurətdir. Bu gün alimlər fəaliyyətini yüksək reytinqli elmi bazalarda yer alan jurnallarda məqalələrinin sıx dərc edilməsinə yönəltməlidirlər. İnanırıq ki, Ədəbiyyat İnstitutunun fəaliyyətində, hesabatların təqdim olunması mərhələsində dünya elminin yenilikləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışlar da birmənalı olaraq nəzərə alınacaq. 

Ə.ƏLİYEV
XQ

 

Mədəniyyət