Filologiya elmləri doktoru, prof. Rüstəm Kamalın yazıları düşüncə yükü, işlənmə tərzi ilə, sözün həqiqi mənasında, adamı diksindirir, ofsunlayır. Mövzuya özəl yanaşması, fərqli duyumu, özünəxas yazı üslubu, yazdıqlarının alt qatındakı dərin fəlsəfi məzmunu, səmimi, təbii lirizmi, həyat həqiqətinin çılpaq, bəzək-düzəkiz, acımasız əksi ilə Rüstəm Kamal yazılarını maraqlı etməyi bacaran söz adamıdır. Ən qəribəsi, onun yazılarında zaman-məkan sərhədi bir-birinə qarışıb, dünənlə bu gün, sabah iç-içədir, qovuşuqdur. Sanki R. Kamalın silsilə yazıları birnəfəsə yazılıb, sonra da ustad əli ilə, peşəkarlıqla qaynaq edilib, pərçimlənib, milli yaddaş zəncirinə düzülüb. Və bu yaradıcı proses elə sənətkarlıqla edilib ki, vahid mətn kimi birnəfəsə oxunur. Milli yaddaşımızın, milli mentalitetimizin, adət-ənənələrimizin təkcə təəssübkeşi deyil, həm də sözlə ən gözəl nəqqaşıdır Rüstəm Kamal. Millətin milli, etnik, irsi dəyərlərini, sosial yaddaşını sözün yaddaşına çevirməyi bacaran prof. Rüstəm Kamal yaradıcılığının geniş təhlili iddiasında olmasam da, yazdıqları mənə doğma olduğundan öz baxış bucağımdan bəzi nüanslara toxunmaq, düşüncələrimi bölüşmək istəyirəm.
Rüstəm Kamal üçün mövzu qıtlığı yoxdur. Gördüyü, diqqətini çəkən, yaddaşının alt qatlarında ilişib qalan hər şeydən yazıb və yazır. Bu yazıları bizə doğmalaşdıran ən ümdə səbəblərdən biri, bəlkə də ən birincisi onun həyat həqiqətlərinə söykənməsi, yazıçı təxəyyülünün məhsulu olmamasıdır. Bu istedadlı alimin, publisistin, pedaqoqun məhsuldarlığı heyrətedicidir, həsədaparıcıdır. Bizim üçün adi, məzmunsuz görünən ən adi həyat həqiqətləri də onun ustad qələmində gözəl, oxunaqlı yazıya çevrilir. Bu yazılar isti havada soyuq şərbət, ayazda isə isti çay kimidir – həm sərinlədir, həm də isidir. İstedadlı qələm sahibinin toxunduğu mövzular müxtəlif olsa da məna, məzmun yaxınlığı onları birləşdirən ana xəttdir. Bu xəttin əsasını milli kökə, yaddaşa qayıdış, milli özgüvənlik, özünüdərk təşkil edir.
Prof. Rüstəm Kamalın publisistikasında Mirzə Cəlildən, Üzeyir bəy Hacıbəyovdan gələn realizm, xəlqilik notları, əsrləri bir-birinə calayan ilıq bir nəfəs var. İlk baxışda bu yazılar o qədər adidir ki… Çoxdan bir-birini görməyən yaxınların dərdləşməsini, çəpərüstü söhbətlərini xatırladır. Xatırlatma – Rüstəm Kamal publisistikasını sirli, sehirli edən də elə bu amildir. Bu adam hər yazısında yaddaşını ilmə-ilmə sökür, dağıdır, sonra necə gəldi yığır. Forma gözəlliyi onun üçün heç bir önəm kəsb etmir. Önəmli olan duyğudur – fərqi yoxdur sevincdir, kədərdir, nisgildir – əsas budur ki, hissdir!
Rüstəm Kamal düşüncə adamıdır. Onun yazdıqlarının təsirindən hələm-hələm çıxmaq olmur. Sözünün cazibə qüvvəsi çox böyükdür. Bir, iki səhifəlik esselər, xatiratlar bütöv bir romanın məzmun, mövzu yükünü daşımaq gücündədir.
Hər gün rastlaşdığımız, diqqətimizi çəkməyən adi həyat həqiqətlərini R. Kamal elə ustalıqla işləyir, zehninə nəqşləyir ki, sonda yazının bitməyinə təəssüflənirsən. Qəribəsi budur ki, bu yaradıcı insan heç bir yazısında fikrini tam nöqtələmir, sonlandırmır. Hiss edirsən, bu fikrin davamı sonrakı yazılarda mütləq olacaq və səbirsizliklə gözləyirsən. Elə bu gözləmə də hazırkı informasiya bolluğunda Rüstəm Kamalı oxucu qıtlığından xilas edir.
Hər hansı müəllifin yaradıcılığı haqqında ən düzgün sözü öz əsərləri deyir. “Başqasının səsi”. Prof. Rüstəm Kamalın qələmə aldığı bu təsirli həyat hekayəti onun yaradıcılığının iç qatlarına enməkdə açar rolunu oynaya bilər. Bu essede bir kənd kişisinin xarakteri bir millətin milli mənliyinin güzgüsünə çevrilir. Sözünün ağası olan köhnə kişiləri xatırlayırsan. O kişiləri ki, onların sözlərinin, səslərinin çəkisi vardı. O kişilərin ününü alırsan ki, köhnə atlarını minib gediblər və heç vaxt dolmayacaq bir boşluq qoyublar. “Başqasının səsi” – hekayə, novella, bədii oçerk, xatirat-fərqi yoxdur, necə adlandırırsan, adlandır. Əsas budur ki, yazını oxuyanda o səs qulağını deşir, beyninə işləyir, əsrlərin ününü, səs-sədasını alırsan, özünü yığışdırırsan. “Babam Həmid kişini arxadan çağıranda acığı tuturdu və heç zaman dönüb cavab vermirdi. Ya özünü eşitməzliyə vururdu, ya da bunu ona irad tutanda: “A kişi, çağıranda niyə hay vermirsən?” - deyirdi: “Cin-şeytansan, oğrusan, arxadan çağırırsan?” Sonra əlavə edirdi: “Kişinin adı üzünə deyilər”. Fərqli, mənalı, maraqlı yanaşma tərzi. Bəli, kişinin adını, sözünü üzünə deyərlər, arxasınca danışmazlar. Müəllifin çatdırmaq istədiyi ali həqiqət budur-kişi olan öz səsi ilə danışar, öz sözünü deyər, üzünə deyər, arxaca danışmaz, arxasınca daş atanları belə eyninə almaz. “Babam qəti inanırdı: Əgər insanın adı arxadan çağırılırsa, xeyirliyə deyil...”. Bu mifik düşüncənin məna yükü, cəmiyyətə mesajı o qədər böyükdür ki… Hərdən mənə elə gəlir ki, Prof. Rüstəm Kamal mahir şirniyyatçıdır, fikirlərini yazılarında sanki yuxa kimi açır, bir-bir, qat-qat bükür, yağlayır. Onun yazıların belə dadlı-tamlı olmasının bir sirri də elə budur bəlkə.
“Su daşı”. Müəllifin etirafına görə: “Uşaqlıq yaddaşımda elə obrazlar və detallar qalıb ki, onlardan heç cürə qurtula bilmirdim. Yaddaşımın “sancısı” tutanda bir-ikisini esselərin hörüyünə hördüm, bəzilərini də öykülər şəklində yazdım. Beləcə, əlifba sırası ilə otuz iki yazı alındı. “Su daşı” “Yurd yerinin əlifbası” silsiləsindən həmin öykülərdən biridir”. Nədir “Su daşı”nın hikməti? “Suyu daşa boşalt, - dedi. - Arada gəlib daşın suyunu dəyişərsən, daşı susuz qoymaq olmaz, qurddayar”...Elə milli yaddaşı da düşüncəsiz, diqqətsiz qoymaq olmaz, qurddayar-müəllifin demək istədiyi əlahəzrəh həqiqət budur!
Şuşadan hamı yazır. Amma Rüstəm Kamalın Şuşaya baxış pəncərəsi tam fərqlidir. Onun tanıtımı, Şuşa həsrəti, yurd məhəbbəti bu şəhərin pəncərələrinə olan sevgidən başlanır. “Şuşalılar üçün ən maraqlı və bəlkə də ən gərəkli interyer elementi pəncərələrdir. Sanki qapıdan da önəmlidir. Onlar üçün pəncərə sanki əsas yaddaş hadisələrindən biridir. Şuşanın estetik tarixi həm də evlərin və pəncərələrin tarixidir. Şuşa pəncərələri ev sahibinin sosial statusunun göstəricisi, taleyinin nişanəsi idi”. Yazının özəlliyi ondadır ki, Şuşa ədəbi mühitinin dünəni, bu günü, bu diyarın ən ünlü simaları ilə bizi xatirələr körpüsündə tanışdırır. Yeri gəlmişkən, qeyd edim ki, prof. R. Kamalın ayrıca “Pəncərə” essesi də var. “Pəncərə "başqa" dünyanın mistik mövcudluğudur” deyir ustad.
Hər bir insanın başını saldığı, daldalandığı bir yer olmalıdır-koma, daxma, saray-sadəsi ev adlandırırıq onu. Ev hər birimiz üçün bütün mənalarda yaşam yeridir, məkandır. Elə Rüstəm Kamal üçün də. Amma onun yanaşmasında fərqli məqamlar da var. “Ev ruh fenomeni, psixi hadisədir. Daim evi xatırlamağımız, ev haqqında düşüncələrə, xəyallara dalmağımız da bu səbəbdəndi. Ev bizim dünyamızdır. Ev poetikası insanın iç varlığının bərpası deməkdir”. “Hər evin öz ətri olur. Uzun qış gecələrində atam uşaqlıq xatirələrində nə qara damın, nə də müharibədən sonra çöl daşından tikilmiş evin də ətrini unuda bilmirdi. Deyirdi ki, evimizin ətri cijimdən (anasına “ciji” deyirdi) gəlirdi. Nə qədər cijimin evdə iyisi vardı, ora gedib gəlirdim...”. “Babam üçün “yaxşı oğul” anlayışı “evin yolunu tanıyan və tanımayan oğul” mənasını ehtiva edirdi”. “Evin işığı da qadından gəlir. Evin mahiyyəti işıqdadır - fərqi yoxdur, bu, ocağın şöləsidir, yoxsa pəncərədən süzülən günəş şəfəqləridir? Qadın evin qoruyucu mələyidir. Kişinin ruhunu evdə “diri saxlayır”. “Ev kişinin mülkü ola bilir, amma onu ev edən qadındır. Evin içi qadına, çölü kişiyə məxsusdur”. “Diqqət edin: evə qayıdan insanın üzü necə nurlanır! Ev insanın sevindiyi yerdir...” Maraqlı, kövrək, fərqli, səmimiliyi, xatirə yükünün ağırlığı ilə iç dünyamızı oyandıran, milli yaddaşımıza işıq salan duyğular, düşüncələr...
Rüstəm Kamal “Qəriblik yad ölkənin havasından başlayır” deyir. “Poetikanın poeziyası; müşahidələr, detallar”dasa haray çəkir: “Milli poeziyanı qorumaq ekoloji mədəniyyətimizin tərkib hissəsi olmalıdır!”. “Yeriş haqqında” essesi müəllifini bizə təkcə publisist, yazıçı, alim kimi yox, həm də psixoloq kimi tanıtdırır: “Yeriş ayaqlarımızın obrazıdır. Yeriyəndə biz yerin enerjisinə bağlanırıq. Yerişlə dünyagörüşü arasında mütləq bir əlaqə var. İnsanın tempramenti, enerjisi, ovqatı, hərəkət dinamikası onun yerişində əksini tapır”, “Yeriş insanın fərdi və şəxsi üslubudur”, “İşsiz kişilərin yerişinə fikir verin: yavaş-yavaş yeriyir, tez-tez dayanır, nəsə fikirlərşir, sonra yenə yoluna davam edir...”-“Atam deyirdi ki, kişi insanın yerişinə baxıb qiymət verirdi. Və onun müşahidəsi o qədər dəqiq və sərrast olurdu ki, sonralar ikinci ada-ayamaya çevrilirdi. Müharibədən qayıdandan sonra bir daha kimsənin yerişinə fikir vermədi, ayama qoşmadı. Çünki özünün bir ayağı yox idi...” Siz bu sonluğu gözləyirdinizmi? Mən yox! Bu sonluq sanki adamı yerə mıxlayır, yerişini çaşdırır, varından yox edir, müharibənin dəhşətlərini bir cümlədə əks etdirir...
“Palata poeziyası”na Rüstəm Kamalın öz baxış bucağı var: “Xəstəxana bəzən məscid-kilsə kimi qutsal məkandır, Tanrı ilə, ruhlar dünyası ilə dialoqun artdığı bir yerdir”. “Xəstəxana “ev”in əksidir. Burada palatanın interyerindən, əşyalarından tutmuş xəstəxananın həyətinə, xəstəxana bağçasının peyzajına qədər burda hər şey “başqa” dünyanın işarələridir. Burda səni görməyə gələnlərin obrazı düşüncəsi də dəyişir. Evdəki köhnə divanın, yazı masasının xiffətini çəkirsən. Burda söhbətin ortaq mövzusu nəvələrdir və bir də tibb bacısının pudralı təbəssümü, səni bir anlığa ürəkləndirir, korşalmış xatirələrin ilğımında azmaq istəyirsən”. “Xəstəxana pəncərələri iki dünya-real, görünən dünya ilə irreal, görünməz dünya arasında mediatordur (vasitəçidir). Pəncərədən gələn soyuğu ruhunla, sümüyünlə hiss edirsən”. Bu soyuğu siz də hiss etdinizmi, ayazından üşüdünüzmü? Mən hə! “Palata şeirləri şair üçün əbədi sualların cavabını tapmaq və sözə çevirmək imkanıdır...” Rüstəm Kamal üçünsə palata şeirləri həm də axirət dünyasına körpüdür, cəhənnəm əzablarının əksidir.
Prof. R. Kamalın “Cığır” essesini təkrar-təkrar oxumalı oldum. Niyə? Bu essenin yaddaşımda açdığı cığırla bir də geri qatıtmayacaq uşaqlıq, yeniyetməlik, gənclik illərimə dönmək həsrətiylə: “Xatirə ömür mifidir. Xatirə yalnız ömür-yaşam təcrübəsi deyil, həm də könül təcrübəsidir. İllər öncəsi Sarı yalda bir cığır qoyub getmişdim - onu xatırladım. O cığırın ki, yayda Babəkardan, Kəkildən əsən sübh yelləri qurumuş otlarına, yovşanına sığal çəkirdi. Yovşanının dibində dovşan balalayırdı. O cığırı ki, dəli şimşək qırmanclayanda qızıl ilan kimi qıvrılırdı. Cığır nə gəzir? Təpələri, çölləri əkin yeri eləyiblər. Yalquzaq cığırı, çoban cığırı kotan ağzında tikə-tikə, dilim-dilim doğranıb”. Bax, ağrı budur, bir vaxtlar getdiyin, təkrar dönüşündə tapa bilmədiyin cığırın yox olmağı dəhşətdir, əbədi yoxluğun yaxınlığını xatırladan işarətdir: “Hər kəs bilir ki, qəbristanlığa gedən cığırın zəhmi nə qədər ağır olur, adamın içinə soyuq qaramat dolurdu. Qəbirlər köhnəldikcə cığırlar da köhnəlirdi və unudulurdu. Yalnız təzə qəbrə təzə cığır düşürdü...Ayişə (Aşa) arvadın bir ağır qarğışı vardı: “Cığırın tozdansın”. İndi də bu qarğışın vahiməsi məni basır...”. Ata ilə babanın dialoqunda ibrətamiz bir məqam var- tənə, öyüd, nəsiyyət, vəsiyyət, kim necə anlayır anlasın-mən buna milli yaddaşın ruhən ötürülməsi deyərdim: “Bir gün atam dedi:- A kişi, gen, rahat yolu qoyub özünə niyə zülm edirsən? Babam ona cavab verdi ki, atam Alı kişidən qalan cığırdı...”.
...Dini inanclara görə hər bir insan dünyaya alın yazısı ilə gəlir. Amma sən demə qapıların da alın yazısı olurmuş və bu yazınını oxuya bilmək insanı çox uğursuzluqlardan hifz edə bilərmiş: “Qapımızın alın yazısı”. “...Atam və əmilərim qurşağa qədər soyunub köhnə evimizin sal daşlarını linglə uçurub dağıdırdılar. Növbə qapıya çatanda işə kənardan rəhbərlik və nəzarət edən babam dedi: “Ay Kamal, qapının üstündəki daşı bu yana qoy, o biri evdə lazım olacaq”. “...Ağ mişar daşından evimiz tikildi. Evi iki dəfə sel basdı. Atam və qardaşım dünyalarını dəyişdilər. Atam həmişə peşmançılıqla deyərdi ki, gərək o daşı qapının alınlığına qoyaydım?! Kişinin sözünə baxmadım...”. Bəli, nə o köhnə kişiləri unutmaq, nə də onların öyüd-nəsihətlərini qulaqardına vurmaq olmaz, bu unutqanlığın cəzası ağırdır, çox ağır! “Köhnə qapıları xatırlayırsınızmı? Köhnə qapıların qəmli səsini eşidibsinizmi?..Gəlin etiraf edək: sevdiklərimizin qapılarını sonuncu dəfə nə vaxt ziyarət etmişik? Axı, qapılar övladlarının və nəvələrinin yolunu gözləyən yaşlı ata-analar kimidir. Hər qapının mütləq ziyarətə ehtiyacı var”. Bu yerdə Məşhur Kolumbiya yazıçısı, “Nobel” mükafatı laureatı Qabriel Qarsia Markesin xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına yazdığı son məktubu xatırladım: “Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim.Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim.Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə “SƏNİ SEVİRƏM” deyərdim”.
“Gecə öyküsü” müəllifin ən oxunaqlı və təsirli esselərindəndir. “Yolun ortasında çömbəldi, sumkasını açdı və kotletlərin ikisini pişiklərin qabağına qoydu. Pişikləri sığallaya-sığallaya dedi ki, “yəqin acsınız?”. Əmim pişiyin balasını qucağına aldı və dedi: “Gəl gedək evimizə, qorxma, anan da dalımızca gəlir...” Yol üstündə olsa da, yolunun üstünə çıxan, vaxtı ilə azdırdığı pişik balalarını görən kişi dözə bilmir, günahını anlayaraq yolundan dönür, pişik balalarını evə aparır. Əslində bu yoldan dönmək deyil, Tanrı yoluna qayıtmaqdır.
“Bir əfsanə söylə - Yaddaşın ekologiyası” müəllifin fəlsəfi duyumunu, milli kökə bağlılığını tamlığı ilə əks etdirən çox gözəl yazıdır: “Əfsanələr və rəvayətlər etnik düşüncəmizi formalaşdıran matrisadır. Hər xalqın, hər bölgənin öz əfsanə - rəvayət matrisası var. Xalqın matrisasını dəyişmək üçün yaddaşındakı əfsanə-rəvayət kodlarını dəyişmək kifayətdir. Hər əfsanə, hər rəvayət gənc nəslin vətənpərvərlik tərbiyəsi dərsidir. Vətənpərvərliyin, yurd sevgisinin mənbəyini əfsanələrdə və rəvayətlərdə axtarmaq lazımdır. Rəvayətlər və əfsanələr xalqın öz tarixinə, hətta deyərdim ki, öz taleyinə baxış fəlsəfəsidir. Virtual texnologiyaların sürətli inkişaf etdiyi, kütləvi informasiya məkanının genişləndiyi bir dövrdə sanki insanlarda müdriklik instinkti tədricən zəifləməkdədir. Daha diziləri seyr edən ağbirçək nənə və ağsaqqal baba nəvəsinə əfsanələr danışmır. Bəlkə də ona görə müdrikləşə bilmir?”.
Prof. Rüstəm Kamalın yazıları sadəliklə müdrikliyin, keçmişlə gələcəyin sintezidir. Bu yazıların mayası xəlqiliklə bəşərilikdən yoğrulub, beynəlmiləlçilik vətənpərvərliklə iç-içədir, bir-birini tamamlayır. R. Kamalın yazılarını vaxt öldürmək üçün oxumayın, qızıl vaxtınızı qızıla çevirmək, özünüzü, milli kökünüz, mənsubiyyətinizi tanımaq, mənliyinizi dərk etmək, milli yaddaşınızı oyatmaq, özünüz olmaq üçün oxuyun, mütləq oxuyun...
Esmira İSMAYILOVA,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri