Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinə həsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, konfransa 110 ölkədən 800-ə yaxın sinoloq (Çinşünas) alim qatılıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan Beynəlxalq Konfutsiçilik Assosiasiyası özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri və ədəbiyyatşünasları birləşdirir.
P.ƏMİRCANOV
XQ