Noyabrın 26-sı, saat 15:00-da Mədəniyyət Nazirliyi və AMEA Folklor İnstitutunun dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə ''Azərbaycan Kəlağayısı Günü '' keçiriləcək. Tədbir Suraxanı rayonu, Qurban Abbasov adına Mədəniyyət Sarayında geniş konsert proqramı ilə qeyd olunacaq.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu il həmin tarixi hadisənin 10 illik yubileyidir. Bu münasibət ilə Mirvarid Dilbazi Poeziya Məlisinin təşkilatçılığı ilə 2024-cü ilin əvvəlindən əksər bölgələrimizdə, elm və təhsil ocaqlarında ''Sazlı, sözlü kəlağayı günləri'' layihəsi çərçivəsində festivallar, tədbirlər, sərgilər təşkil olunub.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsində təşkilatın ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi qalib elan olunmuş və 3 ay əzində uğurla icra edilmişdir. Layihə ilə bağlı Azərbaycanın bir çox rayonlarında tədbirlər həyata keçirilmişdir.
Qeyd edək ki, 26 noyabr ''Kəlağayı Günü'' nə həsr olunmuş tədbirə hər kəs dəvətlidir. Giriş sərbəstdir.