Hollandiya incəsənəti XVII əsr “Qızıl dövrü”

post-img

   Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində, “Hollandiya incəsənəti” adlı mühazirə keçirilib. Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasova Qərbi Avropa incəsənətinin nadir nümunələri, xüsusilə Hollandiya rəssamlarının sənət dünyasından danışıb. XVII əsrin “Qızıl dövrü” ndə yaradılmış əsərlərin incəlikləri, həmin dövrdə yaşayıb yaratmış rəssamların başqa ölkələrin incəsənətinə və mədəniyyətinə təsirindən söz açıb. Bildirib ki, Holland rəssamlığının qızıl dövrü Hollandiyanın müstəqilliyi uğrunda gedən “Səksənillik müharibə” dən (1568-1648) sonrakı dövrü əhatə edir.

Müharibə zamanı baş vermiş hadisələr - əhalinin köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri arasında yaranmış kəskin ziddiyət və s. Hollandiya sənətkarlığının yenidən dirçəlməsinə və inkişafına şərait yaratdı. Dini mövzularda çəkilmiş rəsm əsərləri kəskin şəkildə azaldı, əvəzində dünyəvi mövzulara daha çox yer verildi. Rəssamlar rəsm əsərlərini portretlər, müxtəlif məişət səhnələri, dəniz mənzərələri və gəmilər, natürmortlar əsasında çəkirdilər. Bu tip mövzuların çoxu Qərb rəssamlığında yeni idi və hollandların o dövrdə çəkdikləri rəsmlər onların rəssamlıq sənətində gələcək inkişafı üçün həlledici idi.

Mühazirədən sonra qonaqlar mövzu ilə bağlı muzeyin kolleksiyasına daxil olan əsərlər haqqında da məlumatlar əldə ediblər.

 

Fidan SALMANOVA

XQ 









Mədəniyyət