Əbədiyaşar şairin sönməyən dühası

post-img

Xaçmazda Məhəmməd Füzuli yaradıcılığına ülvi məhəbbətin ifadə olunduğu yubiley tədbiri təşkil edilib

Xaçmaz Tarix Diyarşünaslıq muzeyi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Xaçmaz rayon Üçgünqışlaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Şərqin Füzuli dühası” adlı ədəbi–bədii tədbir keçirilib.

Məhəmməd Füzuli yaradıcılığının Azərbaycan ədəbi-bədii və ictimai fikrinin inkişafında müstəsna rol oynadığı, dahi sənətkarın Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına güclü təsir göstərdiyi barədə danışan tədbir iştitrakçıları anadilli poeziyanın mükəmməl nümunələrini yaradan qüdrətli söz ustadının Azərbaycan ədəbi dilini zənginləşdirərək onu yeni zirvəyə yüksəltdiyini və bütün dünyaya tanıtdığını xüsusi vurğulayıblar. Xaçmaz rayon ictimaiyyəti nümayəndələri, şairlər, təhsil işçiləri, məktəblilər yubiley tədbirində iştirak ediblər.

Dahi Füzulinin yubileyinə həsr olunmuş rəsm əsərinin təqdimatı ilə davam edən tədbiri ədəbi–bədii kompozisiya daha da rövnəqləndirib. Xaçmaz Xalq Teatrının aktyorlarının ifasında dahi şairin müxtəlif qəzəlləri səsləndirilib, dünya şöhrətli “Füzuli kantatası” ifa olunub. Tədbirin sonunda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Füzuli – 530” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə ölməz sənətkarın yaradıcılığını əhatə edən 80-dən artıq yerli və xarici nəşrlər nümayiş etdirilib. Yubileylə bağlı xüsusi nəşr olunmuş yeni kitablar muzey fonduna hədiyyə edilib. 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, xidmət şöbəsinin müdiri Ofeliya Yunusova, əməkdar jurnalist Azər Həsrət fəxri qonaqlar qismində tədbirdə iştirak ediblər.

XQ



Mədəniyyət