Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə tanışlıq tədbiri keçirilib.
Tədbirdə Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, İtaliya, Koreya, Polşa, Rusiya, Türkiyə və Türkmənistan hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.
Əvvəl qonaqlar mərkəzin foyesindəki kitab və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər, sonra onlara AMM-nin fəaliyyəti haqqında məlumat verilib, deyilib ki, burada müxtəlif mədəni tədbirlər, görüşlər, təqdimatlar keçirilir.
Hərbi attaşelik aparatının nümayəndələri üçün Azərbaycan haqqında videofilm də nümayiş etdirilib.
Qonaqlar Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Xalça Muzeylərinə baxıb, burada nümayiş etdirilən fotoşəkillər və tarixi eksponatlarla ilə tanış olublar.
Sonra mərkəzin “Azərbaycan qızları” rəqs ansamblının ifasında təqdim edilən musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd