Ölkəmizdə keçirilən XIX Bakı Caz Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində İsveçin ən yaxşı pianoçularından olan Mattias Nilssonun konserti təşkil olunub.
İsveç Krallığının ölkəmizdəki səfiri Tobias Lorentzson çıxış edərək, tamaşaçıları salamlayıb və hər kəsi bu gecədə görməkdən məmnun olduğunu bildirib: - Bugünki konsert proqramı hamımız üçün çox önəmlidir. Ona görə ki, Azərbaycan xalqı 18 oktyabr Müstəqilliyin Bərpası Gününü qeyd edir. Belə tədbirlər həm də dostlarla bizi bir araya gətirir. Nəzərinizə çatdırım ki, Bakı Caz Festivalı 2005-ci ildən keçirilir. İsveç Krallığı və səfirliyi olaraq hər zaman bu festivala dəstək oluruq. Bu il də zəngin repertuarla festivala qatılmışıq. Hər birinizi İsveçin ən yaxşı pianoçularından biri Mattias Nilsonun repertuarına qulaq asmağa dəvət edirəm.
Səhnəyə çıxan isveçli sənətçi Azərbaycanda qonaq olduğuna və caz festivalında iştirak etdiyinə görə tədbir təşkilatçılarına təşəkkürünü ifadə edib. Sonra, piano arxasına keçərək ən səmimi və qəlboxşayan musiqilərini səsləndirib.
Beynəlxalq aləmdə tanınan və bir sıra mükafatlara layiq görülmüş musiqiçi Mattias Nilsson dünyanın 36 ölkəsində iki mindən çox konsert verərək özünü İsveçin ən yaxşı pianoçularından biri kimi təsdiqləyib. O, cazz musiqisində etdiyi improvizasiyaları sayəsində tamamilə yeni rəng çalarlarından istifadə edərək, orijinal musiqisini yaradır.
Qeyd edək ki, XIX Bakı Caz Festivalında on iki ölkədən təşrif buyurmuş caz ifaçıları müxtəlif konsert salonlarında çıxış edəcəklər. Festival çərçivəsində həmçinin foto sərgilər, kitab təqdimatı və başqa tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Dünya caz ulduzları və “Grammy” mükafatçıları ilə görüşlər cazsevərlərin xatirəsində əbədi izlər qoyacaq.
Fidan SALMANOVA,
XQ