Türkiyənin İğdır vilayətində Azərbaycanın əlamətdar bayramları münasibətilə tədbir olub

post-img

Azərbaycanla həmsərhəd olan Türkiyənin İğdır vilayətində Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə təntənəli tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Azərbaycanla Dil, Mədəni və Tarixi Birliyin Dəstəklənməsi və İnkişafı Cəmiyyəti ( İğdır Azərbaycan Evi) və Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğu çıxış ediblər.

İğdır Mədəniyyət və Turizm İdarəsinin binasında keçirilən tədbirdə İğdır valisi Ercan Turan, vilayətin prokuroru Meriç Dede, Naxçıvan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin başçısı Həsən Seyidov, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və başqa rəsmi şəxslər iştirak ediblər.

İğdır valisi Ercan Turan tədbir iştirakçılarına müraciət edərək Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırladıb. O, Azərbaycanın üçrəngli bayrağının qardaş ölkə xalqının yoluna işıq salaraq əbədi dalğalanacağına ümidvar olduğunu bildirib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iki ölkə arasında dostluq əlaqələrinin inkişafına diqqət çəkib. “Əminəm ki, Azərbaycan vətəndaşlarının Türkiyəyə olan sevgisi kimi, Türkiyə xalqının da Azərbaycana sevgisi var. Bunun bariz sübutu 2023-cü ilin fevralında baş verən zəlzələlər zamanı göstərilən dəstək və həmrəylikdir”, - deyən diplomat bildirib ki, Naxçıvandan təbii fəlakət zonasına birbaşa 52 yük maşını humanitar yardım göndərilib.

Daha sonra çıxış edən Naxçıvan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin rəhbəri Həsən Seyidov iki qardaş ölkə arasında mədəniyyət sahəsində fəal qarşılıqlı fəaliyyətdən danışıb. “Azərbaycan və Türkiyə liderləri bütün dünyaya qardaşlıq və dostluq nümunəsi göstərirlər”, - deyən H.Seyidov “Bir millət, iki dövlət” kəlamına əsaslanan əməkdaşlığın sarsılmaz olduğunu vurğulayıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyası solistlərinin və rəqs qrupunun iştirakı ilə konsert proqramı təqdim olunub.





















Mədəniyyət