İstiqlal şairi Ümmügülsüm Sadıqzadənin şeirlərindən ibarət kitab nəşr olunub

post-img

Bu il istiqlal şairi Ümmügülsüm (Rəsulzadə) Sadıqzadənin vəfatının 80 illiyi qeyd olunur. Bu münasibətlə şairin şeirlərindən ibarət “Vətən ayrısı” kitabı nəşr olunub. Kitabın tərtibçisi və ön sözün müəllifi, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəcibə Bağırzadədir.

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, yazıçı Seyid Hüseynin ömür-gün yoldaşı Ümmügülsüm Sadıqzadə 1937-ci ildə Seyid Hüseynin ailə üzvü kimi həbs edilərək Bayıl həbsxanasına salınıb. Sonra 8 il müddətinə Mordva Respublikasına göndərilib. Sürgün həyatından sonra vətənə dönüb və Bakıda yaşamasına icazə verilmədiyindən Şamaxıya köçüb. Ömrünün son aylarını Şamaxıda keçirən şairə az sonra orada dünyasını dəyişib.

Ümmügülsüm Sadıqzadənin məhv olmuş yaradıcılığından çox az şeirləri günümüzə kimi gəlib çatıb. Onun 1915-ci ildə “Solğun çiçəklər” adlı ilk hekayəsi “Qurtuluş” jurnalında nəşr olunub və müsabiqədə ilk yerlərdən birini tutub.  Sonra “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Dirilik”, “Azərbaycan” və digər jurnallarda şeirləri və hekayələri dərc olunur.  

Ümmügülsüm Sadıqzadə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına “Türk ordusuna”, “Ey Türk oğlu”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yollarını bəklədim” və s. adlı şeirlər həsr edib. Onun “Hicran” və “Bayrağım enərkən” şeirləri isə 1920-ci ildə AXC-nin süqutu ilə bağlı yazılıb.

Qısa ömür yaşayan, hər misrası Vətən, millət sevgisi aşılayan istiqlal şairi Ümmügülsüm Sadıqzadənin şeirlərindən ibarət “Vətən ayrısı” kitabının yenidən nəfis tərtibatda çap olunmasında məqsəd onun yaradıcılığını gənc nəslə tanıtmaqdır.  

Mədəniyyət