2025-ci ildə Azərbaycanda səhiyyə profilli QHT-lərin Forumu keçiriləcək

post-img

2025-ci ilin əvvəlində Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi planlaşdırılır.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

O, bildirib ki, artıq QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu Forumun təşkili üçün Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə müvafiq iş aparır, birgə işçi qrup yaradılıb. Yaxın vaxtlarda bu işçi qrup Forumun proqramını tərtib etmək üçün görüşlərə başlanacaq.

Xatırladaq ki, bu ilin avqustunda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbələrinin, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Milli QHT Forumunun məsul şəxsləri 30-a yaxın səhiyyə profili üzrə QHT-lərin rəhbərləri ilə Bakı Biznes Mərkəzində görüş keçirib. Bu təşəbbüs həmin görüşdə QHT-lərdən gəlib, vətəndaş cəmiyyətinin təklifi nəzərə alınıb.

Ü.Qarayeva bildirib ki, bu forum ilk dəfə təşkil olunur və Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin fəaliyyətində canlanma yaratmağa, səhiyyənin müvafiq sahələrində ixtisaslaşmış peşə birliklərinin daha böyük töhfələr verə bilməsinə hesablanıb.

 

 

Sosial həyat