Azərbaycan Milli Məclisinin deputatı, parlamentdəki Azərbaycan-Özbəkistan Dostluq Qrupunun üzvü Naqif Həmzəyev Özbəkistana səfəri çərçivəsində Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzində (TM) olub.
Onunla birlikdə Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva da mərkəzə gəlib.
Mərkəzin rəhbəri, filologiya elmləri doktoru Gülbahar Aşurova qonaqlalrı salamlayıb, TM haqqında məlumat verib, deyilib ki, bu mərkəz Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Mədəniyyət Mərkəzi buranı lazimi avadanlıqlarla və kitablarla təmin edib. O deyib ki, yarandığı gündən bəri burada müxtəlif tədbirlər, təqdimatlar keçirililir.
Naqif Həmzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb, əməkdaşlığın durmadan inkişaf etdiyini bildirib. Deputat vurğulayıb ki, bu ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri əlaqələrimizin inkişafına təkan verib. N.Həmzəyev 44 günlük Vətən müharibəsində Özbəkistanın Azərbaycana dəstəyindən danışaraq deyib ki, Özbəkistanın təşəbbüsü ilə Azərbaycanın işğaldan azad olunmuş ərazisində-Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbin tikilməsi və açılışda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.
Gülbahar Seyidqəniyeva deyib ki, qardaşlığımız əbədiidir. Ta qədimdən alimlərimiz, şair və yazıçılarımız dostluq edib və bu qardaşlıq ənənələri bu günə kimi davam edir. Azərbaycanda Özbəkistanın şair və yazıçılarının, Özbəkistanda isə Azərbaycan yazarlarının əsərləri tez-tez çap edilir və bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu danılmazdır.
Azərbaycana səfərlərindən danışan G.Seyidqəniyeva Bakıda çoxlu ddotlarının olduğunu da diqqətə çatdırıb, onlarla daim əlaqədə olduğunu bildirib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd