XIX Bakı Caz Festivalı braziliyalı basçı Munir Hossnun parlaq konserti ilə açılıb

post-img

Yenilənmiş “Jolly Joker” məkanında “XIX Baku Jazz Festival”nın açılışı olub. Festival görkəmli braziliyalı basçı Munir Hossnun konserti ilə başlayıb.

Açılışa çoxsaylı mədəniyyət xadimləri və caz həvəskarları toplaşıblar. Gecəni caz proqramları və festivallarının tanınmış aparıcısı Tofiq Həsənsoy açıb. Daha sonra festivalın təşkilatçısı və bədii rəhbəri Rain Sultanov və Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro çıxış ediblər.

Səhnəyə çıxan Munir Hossn Azərbaycanda olmaqdan və caz festivalında iştirak etməkdən şad olduğunu bildirib. Sənətçi dəvətə və səmimi qəbula görə təşkilatçılara təşəkkür edib.

Braziliyalı basçı ilə birlikdə ELAS qadın qrupu çıxış edib: Mayte Gonzales (piano), Mariana Pilatos (fleyta), Yissi Qarsiya (zərb alətləri), Mişel Velkons (zərb alətləri). Konsert başa çatdıqdan sonra braziliyalı sənətçi azərbaycanlı musiqiçilərlə birlikdə cem-sessiya təşkil edib.

Munir Hossn müxtəlif mükafatlara layiq görülmüş braziliyalı prodüser, bəstəkar və multiinstrumentalçıdır. Hossnun yaradıcılığı “Qremmi” mükafatına namizəd olan albomlarda yer alıb. Onun həmmüəllifləri arasında Quinci Cons, Ermeto Paskual, Jilberto Jil, Ceykob Kollyer, Maro, Ibrahim Maaluf, Konça Buyka, Nella, Co Zavinul Sindikat, Didye Lokvud, Alfredo Rodrigez və başqaları var.

Rain Sultanov “XIX Baku Jazz Festival”ına hazırlığın necə getdiyini və gözləntilər barədə danışıb.

“Festivala hazırlıq yanvar ayından gedir: bu, uzunmüddətli, çətin və məsuliyyətli prosesdir. Ümid edirəm ki, biz hamıya yaxşı, caz əhvali-ruhiyyəsini çatdıra bilərik. Bizim üçün hər kəsə bu enerjini, yaxşı gözəl musiqi dalğasını ötürmək çox vacibdir.

Gecənin Braziliya musiqisinin konserti ilə açılması təsadüfi deyil. Bu, bizim festivala çox uyğun olan çox ehtiraslı musiqidir. Xüsusilə də onun açılışı üçün. Munir Hossn çox orijinal musiqiçidir və o, bu gün bizə maraqlı qadın qrupu təqdim edəcək. Bayrama daha nə lazımdır!” – deyə həmsöhbətimiz vurğulayıb.

“XIX Baku Jazz Festival” oktyabrın 17-dən 27-dək Bakıda keçiriləcək. 11 ölkədən olan ifaçılar şəhərin müxtəlif məkanlarında çıxış edəcəklər. Festival çərçivəsində həmçinin sərgilər, kitab təqdimatı və dünya caz ulduzları ilə görüşlər keçiriləcək.











Mədəniyyət