P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında azərbaycanlı pianoçu və bəstəkar Riad Məmmədovun “Klassika və caz” konserti olub.
Riad Məmmədov xüsusi proqramda akademik səhnədə klassik musiqini və cazı birləşdirərək Brahms, Skryabin, Şopen və Baxın əsərlərini, eləcə də öz aranjemanlarında məxsusi musiqisini təqdim edib.
“Uzun müddət düşündüm ki, niyə həm klassik musiqi, həm də caz ifa etmək istəyirəm. Çətin olduğuna görəmi, yoxsa ambisiya baxımından? Məlum oldu ki, bu, sadəcə sevgidir. Bu axşamı mənimlə bölüşən hər kəsə təşəkkür edirəm”, -deyə Riad Məmmədov konsertdən sonra deyib.
Musiqiçi sevimli müəlliminə - P.İ Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiya Federasiyasının Əməkdar artisti Kseniya Knorreyə də təşəkkürünü bildirib: “Yalnız onun sayəsində başa düşdüm ki, musiqi müəyyən bir ifa tərzinə xas olan fərdi janrlardan və texnikalardan daha çox məna daşıyır. Onunla birlikdə Kit Carrettin Vyana Konsertini və Bethovenin “Yeddinci simfoniyası”nı dinləyə bilirəm və janrların “otaqları” arasında “qapıların” olmadığını başa düşürəm. Belə ki, anlamaq lazımdır ki, musiqinin ancaq bir yolu var”.
Pianoçu Riad Məmmədov Bakıda anadan olub. Moskva Konservatoriyasını və fortepiano üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirən Riad klassik akademik repertuardan əsərlər ifa edir, eyni zamanda, onun səhnə və elmi maraqlar üzrə yaradıcılıq sahəsinə çevrilmiş caz-muğam istiqamətini inkişaf etdirir.