İşğaldan azad edilən Füzuli şəhərinin əsas konsert səhnəsində “Füzuli 530” adlı tamaşa təqdim edilib. Səhnə əsəri 17 Oktyabr - Füzuli Şəhər Günü tədbirləri çərçivəsində nümayiş olunub.
Tamaşadan əvvəl çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair-qəzəlxan Hacı Arif Buzovnalı bildirib ki, 4 il əvvəl – Vətən müharibəsində hər kəs həyəcanla Füzuli şəhərinin də işğaldan azad olunma müjdəsini gözləyirdi və nəhayət, Müzəffər Ali Baş Komandan bu xoş xəbəri hər kəsə çatdırdı. Onun sözlərinə görə, bu əlamətdar tarix yüz illər boyu qeyd ediləcək.
“Bu il həm də Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bu gün Füzulinin adını daşıyan bu gözəl şəhərdə nümayiş olunan "Füzuli 530” tamaşası ilə onun ədəbi-bədii yaradıcılığını, söz sehrkarlığını anlatmağa çalışacağıq”, - deyə o diqqətə çatdırıb.
Daha sonra “Füzuli 530” adlı tamaşa nümayiş olunub.
Tamaşanın müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, rejissoru isə Əməkdar artist Loğman Kərimovdur.