“Dağların və çöllərin nəğmələri”
Qazaxıstan Yazıçılar Birliyinin və Türk Dünyası Yazarlar Birliyinin sədri, Qazaxstanın Dövlət mükafatı laureatı, YUNESKO-nun Mədəniyyət və İncəsənət Akademiyasının həqiqi üzvü, görkəmli qazax şairi Uluğbek Esdauletin “Elm və təhsil” nəşriyyatında buraxılmış yeni şeirlər kitabı belə adlanır.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun nəşrə hazırladığı kitaba dünya çaplı türk şairi və ictimai xadimi Oljas Süleymenov “Ön söz” yazıb və qeydlərində Ulugbek Esdauletin şeirlər toplusunun Azərbaycanda, böyük Nizaminin vətənində yeni nəşrini alqışladığını bildirib. Şeirləri orjinaldan tanınmış şair-tərcüməçilər Elxan Zal və İbrahim İlyaslı çeviriblər. Nəfis tərtibatla nəşr olunmuş kitabda şairin şeirləri Azərbaycan və Qazax dillərində qoşa yer alıb.
Mən sözü görəndə dostlaşdım haman,
Vurulub, ardına düşdüm hər zaman.
Sözün zəhərindən öldüm az qala,
Yenidən dirildim onun balından.
Kitabı oxuyanlar qədim türk ellərinin dağlarının və çöllərinin ətrini duyacaq, qartalların qıy vurduğu zirvələrin vüqarını yaşayacaqlar.
Çağdaş hekayələrimiz tatar dilində
Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası işıq üzü görüb.
Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin sədri, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının sədri Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, “Ədəbi birgəlik” seriyasından yayınlanıb.
Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın önsözü və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” uğurlaması ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçımızın hekayəsi toplanıb.
Həmyerlimizin kitabı Təbrizdə
Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında çapdan buraxılıb. Kitabda yazıçının son illər yazdığı “Yarpaqlar töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin sonatası”, “Yelləncək, süpürgəçi qadın və pişik”, habelə digər hekayələri yer alıb. Kütləvi tirajla çap olunan kitab artıq satışdadır.
Kitabın tərtibçisi “Aydınsav” Təbriz Nəşriyyatının müdiri Aydın Dumandır, mətnləri fars dili əlifbasına təbrizli şair və tərcüməçi Nurəddin Müsəddiq uyğunlaşdırıb.
Ə.DOSTƏLİ
XQ