Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb

post-img

Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətin fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Türk dünyası” adlı sərginin açılışında türkdilli ölkələrin, o cümlədən Azərbaycanın Almaniyadakı səfirliklərinin əməkdaşları, türkdilli xalqların icmalarının təmsilçiləri, yerli mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə görkəmli rəssamın 38 əsəri nümayiş olunur. Rəsmlərdə geniş coğrafiyanı əhatə edən Türk dünyasının zəngin tarixi-mədəni irsi, memarlıq abidələri, adət-ənənələri əksini tapıb.

Rəsm sərgisi oktyabrın 11-dək hər gün saat 12.00-dan 16.00-dək Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində ziyarətçilər üçün açıq olacaq.











Mədəniyyət