15-ci Bakı Beynəlxalq Film Festivalı

post-img

Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən 15-ci Bakı Beynəlxalq Film Festivalının açılışı oldu. 

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev festival iştirakçılarını salamladı və uğurlar arzuladı. 

Sonra, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Orxan Fikrətoğlu çıxış edərək dedi: “Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri də, 15 illik böyük yol qət etmiş bugünkü festivaldır. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.

O, əlavə etdi ki, Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib. Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kan, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.

Daha sonra, Azərbaycan Kinosundakı xidmətlərinə görə kino xadimləri – aktrisa Həmidə Ömərova və Şükufə Yusupova “Qızıl nar” mükafatına layiq görüldülər. 

Festivala daxil olan filmlərdən kadrlar nümayiş olundu. 

Sonda, festivaldakı filmləri dəyərləndirəcək münsiflər heyətinin bir qismi ilə söhbət etdik.   

Zümrə Ərtürk, “Asiya istedadları” müsabiqəsinin münsif heyəti: - Builki festivalda münsiflər heyətinin üzvlərindən biri kimi iştirak edirəm. Bakıda belə möhtəşəm festivalın keçirilməsi və bu tədbirdə yer almağım məni çox qürurlandırır. Bu cür festivallar yeni insanlarla tanış olmaq, istedadlı şəxsləri kəşf etmək və  onlarla birgə əməkdaşlıq etmək üçün olduqca əhəmiyyətlidir. Bir daha festivalın təşkilatçılarına təşəkkür edirəm. 

Maira Kasarpaeva, Türksoy baş katibliyinin beynəlxalq kino üzrə müşaviri: -  Hər birinizi salamlayıram. Builki film festivalında türk dünyasından altı ölkə - Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistan iştirak edir. Biz bu festivalda “Türk dünyası kinemotoqrafiyasının tarixinə səyahət” adlı sənədli film də izləyəcəyik. Bir neçə gün gün bundan əvvəl “Baku Cinema Breeze” Film Festivalında iştirak etdik. Film sahəsinin parlaq gələcəyi var. Biz də bu yolda uğurlu addımlar ataraq, daha böyük işlər görəcəyik. 
Qeyd edək ki, bu il festival çərçivəsində - beş gün müddətində ümumilikdə 26 ölkəni əhatə edən 79 film nümayiş olunacaq. 15-ci yubiley tədbirinə bir sıra yeniliklərlə tamaşaçıların görüşünə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də keçirir. Beynəlxalq müsabiqədə ilk dəfə tammetrajlı bədii və qısa filmlər yarışır. 

Yerli müsabiqəyə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Ümumilikdə isə bu müsabiqədə 25 ekran əsərinin nümayişi gözlənilir. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. “Dili bizim” adlanan proqramda dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Bundan başqa, “TRT Sinema”nın müdiri Faruk Güvənin “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr filmsevərlərin ixtiyarına veriləcək.  

“Baku Cinema Breeze” (BCB) çərçivəsində keçirilən Bakı Beynəlxalq Film Festivalına oktyabrın 4-də fərqli mövzularda filmlərin nümayişi ilə start verilib. DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da bu festival çərçivəsində keçirilir.

Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council”, Azərbaycan Prodüserlər Gildiyası da yer alır. Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, Mədəniyyət qəzeti, Mədəniyyət jurnalı, Kinoyazar saytı, “KinoBiz” platforması isə festivalın media tərəfdaşlarıdır. Festivalın film nümayişlərinə giriş sərbəstdir. 

Xatırladaq ki, Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan filmləri dünya arenasında tanınan Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Qızıl qlobus” mükafatına layiq görülən və bununla da adını dünya kino tarixinə yazdıran rejissor Siddiq Barmak, Venesiya, Rotterdam kinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissor Mahmut Fazıl Coşkun qiymətləndirəcək.

“Yerli müsabiqə”nin münsiflər heyətində müasir kino tariximizin ən böyük bədii-tarixi layihəsi sayılan “Tağıyev” filminin müəllifi rejissoru Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoru və prodüseri olan Can Özbatur, yaradıcılığı ilə milli teatr mühitində fərqlənən, həm yerli, həm də də xarici ölkə teatrlarında bir sıra tamaşalara quruluş verən rejissor İradə Gözəlova, İsveçrənin “AVANTİ” layihəsinin sənədli filmlər bölməsində qalib olmuş, bir çox sənədli filmlərə imza atmış rejissor, ssenarist Nəsimi Əliyev yer alır.

Müəllifi olduğu filmlərlə nüfuzlu kinofestivallarda iştirak edən, Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef, “İskusstvo kino” jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə “Beynəlxalq qısametrajlı film müsabiqəsi”ndə yarışan filmləri qiymətləndirəcəklər.

“Asiya istedadları” müsabiqəsində finala çıxan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk qiymətləndirəcək.

Festivalın əsas mükafatı "Qızıl Nar"dır.

Fidan SALMANOVA
XQ



Mədəniyyət