1 Oktyabr Beynəlxalq Musiqi Günüdür
UNESCO-nun qərarı ilə 1975-ci ildə təsis edilmiş 1 Oktyabr Beynəlxalq Musiqi Günü bütün dünyada möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin bənzərsiz inciləri ifa edilir. Bayramın başlıca məramı estetik dəyərlərə qarşılıqlı hörmət, sülh və dostluq ideallarının həyata keçirilməsidir. Sonsuz gücə malik olan musiqi səslənərək hərb meydanlarında topların gurultusunu kəsməyə çalışır.
Məşhur rus bəstəkarı Dmitri Şostakoviçin ilk təşəbbüskarı olduğu bu əlamətdar günlə bağlı hər il musiqi təhsili ocaqlarında, muzeylərdə zəngin bayram proqramı hazırlanır. Sənətsevərlər məşhur bəstəkarların əsərlərini dinləyir, dünya musiqi atətləri ilə tanış olurlar. Adı məhz musiqinin qüdrəti sayəsində yaddaşlara yazılmış görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli dünyasına da unudulmaz səyahət gerçəkləşir.
Üzeyir dühası daim milli musiqi mədəniyyətimizin başı üstündə Günəş kimi parlayır. Hər il Azərbaycanda Üzeyir bəyin adını daşıyan möhtəşəm beynəlxalq musiqi festivalı təşkil olunur. Elə ötən həftə sona çatan XVI festivalda çoxlu xarici qonaq, musiqişünaslar və sənətçilər iştirak edib. Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ və Şəmkirdə musiqi bayramları xoş ovqat yaradıb. Üzeyir bəyin milli və beynəlxalq musiqi aləmləri arasında monolit körpü olduğu bir daha təsdiqlənib.
Vaxtilə Qori Müəllimlər seminariyasında təhsil almış Üzeyir Hacıbəylinin dünyagörüşünün formalaşmasında rus və Avropa musiqi klassiklərinin əsərləri böyük rol oynayıb. Məhz həmin dövrdə Üzeyir bəy geniş menzuralı nəfəs aləti baritonda və skripkada çalmağı, xalq mahnı nümunələrini nota köçürməyi öyrənib. Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuş Ü.Hacıbəyli dünya klassik incəsənətinin ənənələrini dərindən öyrənərək yazıb yaratmış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmışdır.
Dünya opera sənətində silinməz iz qoyan bəstəkar “Koroğlu”dan başqa bütün opera və operettaların mətnini özü yazıb. Onun librettoları mənasına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləri kimi yaşayır. “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əsli və Kərəm” insan duyğularını ifadə edən gözəl səhnə əsərləridir. 1908-ci ildə tamaşaya qoyulan ilk Azərbaycan operası “Leyli və Məcnun” bu gün də dünya səhnələrini bəzəyir.
Ü.Hacıbəyli bundan sonra 7 il ərzində bir-birinin ardınca 5 opera və 3 operetta yaradıb. Azərbaycan operasının şah əsəri olan “Koroğlu” onun möhtəşəm sənət abidəsidir.
O, daima axtarışlarda olan bir dahi idi. Respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların yetişməsinə, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq olub və bununla da böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanıb.
Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan kinosunun da təbliğində, dünyada tanınmasında böyük rol oynayıb. 1945-ci ildə görkəmli rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında tammetrajlı “Arşın mal alan” bədii filmini uğurla ekranlaşdırıb.
1965-ci ildə Üzeyir bəyin anadan olmasının 80 illiyi münasibəti ilə “Azərbaycanfilm” kinostudiyası “Arşın mal alan” operettasına yenidən müraciət edib. Ü.Hacıbəylinin 1910-cu ildə operetta janrında yazdığı ikinci ən böyük əsəri – “O olmasın, bu olsun” musiqili komediyası, bəstəkarın dramaturgiyasının ən parlaq nümunəsi hesab olunur. Filmdə musiqi xadimlərinin çəkilməsi – Rüstəm bəyin evindəki qonaqlıq səhnəsində Xan Şuşinski (xanəndə), Tələt Bakıxanov (kamança) və Bəhram Mənsurovdan (tar) ibarət üçlüyün “Segah” muğamını ifa etməsi, toy səhnəsində Əminə Dilbazinin rəqsi və s. epizodlar dünyaca məşhur olub. “Üzeyir ömrü” filmində isə xalq musiqisi, eyni zamanda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Məhz Üzeyir bəyin səpdiyi sağlam toxumlar sayəsində bu gün Azərbaycan musiqisi özünün çiçəklənmə dövrünü yaşayır, dünya musiqi mədəniyyətində özünəməxsus yer tutur. Ölkəmizdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, Azərbaycan musiqisinin, bütövlükdə Azərbaycan mədəniyyətinin daha geniş miqyasda təbliğinə xidmət edir.
Hər zaman olduğu kimi, bu il də oktyabrın 1-də ölkəmizin mədəniyyət ocaqlarında – konsert zallarında, kitabxanalarda, muzeylərdə konsertlər təşkil edilir, maraqlı tədbirlər keçirilir. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Beynəlxalq Musiqi Günü ilə əlaqədar hazırlanan eyniadlı virtual sərgi də bu qəbildəndir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Əli NƏCƏFXANLI
XQ