Oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin və nəşriyyat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub.
Sərginin Təşkilat Komitəsinin sədri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, bu il sərginin 10 illik yubileyidir və ötən illərlə müqayisədə müddəti uzadılıb. İlk dəfə olaraq builki sərgi 7 gün davam edəcək. Kitab festivalı çərçivəsində müxtəlif formatda 320-dən çox tədbir təşkil olunacaq və bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin tarixində ən yüksək göstəricidir.
Sərgidə 19 ölkədən 56 xarici təşkilat, kitab sənayesinin 110 subyekti iştirak edəcək və builki sərginin fəxri qonağı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) olacaqdır. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Rizvan FİKRƏTOĞLU
XQ