Açıq cəmiyyətin təşviqində media və QHT-nin rolu

post-img

Dünən Medianın İnkişafı Agentliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda keçirilən “dəyirmi masa”da müzakirə edilən məsələ ilə bağlı media və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının durumu və növbəti hədəfləri diqqət mərkəzində oldu.

Media təmsilçilərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə aparılan müzakirədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” barədə Prezident sərəncamının müvafiq bəndlərinin icrası ilə bağlı görülən işlərdən, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının əlbir fəaliyyətindən, ciddi nəticələrə nail olmaq üçün dövlət qurumları ilə tərəfdaşlığın vacibliyindən söz açıldı.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı müzakirə edilən məsələnin önəmini vurğuladılar. Çıxış və müzakirələrdə qeyd edildi ki, belə görüşlərin keçirilməsi ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinə, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsinə və informasiya əldə edilməsinin təmin olunmasına xidmət edir. Müzakirə edilən mövzunun cəmiyyətə yüksək peşəkarlıqla çatdırılmasında, müasir çağırışlara uyğun təsirli məlumatlandırmada isə medianın vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığı daha da fəallaşmalıdır.

Görüşdə müzakirə edilən mövzu ilə bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, mülahizə və təkliflər öyrənildi.

T.RÜSTƏMLİ
XQ

 

Son xəbərlər