Fotoqraflar qədim abidənin yeni görüntülərini lentə alıblar
Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən ölkənin tarixi, təbiəti, mədəniyyəti, idman və digər sahələrinə aid fotoların çəkilməsi və toplanması işləri icra edilir.
Bu işlərin davamı olaraq Azərbaycan Fotoqrafiya Federasiyasının təşəbbüsü və Gilavar Foto Klubunun təşkilatçılığı ilə “Xəzərdə əsən Gilavar” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Karvansaray adasına və orada yerləşən, hazırda dəniz sularının altında qalmış Bayıl qalasına ekspedisiya təşkil olunub. Ekspedisiya üzvləri tərəfindən adanın və qalanın qalıqlarının foto və videoçəkilişləri aparılıb.
XIII əsrdə inşa edilmiş Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olan və tarixi memarlıq abidəsi sayılan Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Dəniz suyunun çəkilməsi ilə üzə çıxmış qalanın son onilliklərdə, hətta bir neçə yüz ildə fotoları demək olar ki mövcud deyildir. Bu gün, həmin tarixi tikilinin üst hissəsini ada şəklində gözlə görmək mümkündür.
Bu tarixi abidənin qalıqları 24 oktyabr 2001-ci ildə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində UNESCO-nun İlkin İrs siyahısına daxil edilib.
Ekspedisiya qrupunun rəhbəri Rəşad Mehdiyev, fotoların müəllifi fotoqraf Kərim Abbasov, kameraman İsgəndər Qənbərovdur. Foto təşkilatlar tərəfindən gələcəkdə də bu cür layihələrin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Xəzərdə əsən Gilavar” adlı layihənin uğurlu və təhlükəsiz baş tutması Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz və Liman Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəstəyi sayəsində mümkün olub.