Teatr 129-cu mövsümə start verir

post-img

Gəncə Dövlət Milli Dram Teatrı artıq 129-cu mövsümünə start verir. Belə ki, ötən 128-ci teatr mövsümünü premyeralar və festivallarda iştirakı ilə yola salan yaradıcı kollektiv sentyabr ayının 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə teatrsevərlərin görüşünə gələçək. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.

Onun sözlərinə görə yaradıcı kollektiv  sentyabrın 20-də Ə. B. Haqverdiyevin “Pəri Cadu”, 26-da A. Saqarelinin “Xanuma” və 27-də isə N. Ə. Məmmədlinin “Cavad xan” pyeslərini nümayiş etdirəcək.

Teatrın yaradıcılıq planlarından danışan tənqidçi, həmçinin bildirib ki, hazırda teatrda Rey Kuninin “Nömrə 13” komediyasının qurama məşqləri aparılır. Tamaşaya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Respublikanın Əməkdar artist Nicat Kazımovun rejissor traktofkasında baxmaq mümkün olacaq. Səhnə quruluşunun rəssamı Mustafa Mustafayev olmaqla əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova və Elmir Məmmədov ifa edirlər. 

Bu tamaşada, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirin də dəvətli olaraq iştirak edəcək.

 A.Ə. Burcəliyev daha sonra deyib:

– Türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı tamaşasının da məşqləri davam etdirilir. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur. Musiqili tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova ifa edəcəklər”. Eləcə də Anar Ərtoğrul Burcəliyev bildirib ki, “Cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimli) və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” (rejissor Elşad Əhmədov) dramatik tamaşalarının da təqdimatı nəzərdə tutulub.

XQ

Mədəniyyət