Azərbaycan ilə Serbiya arasında mədəni əlaqələrin geniş perspektivləri var

post-img

İyulun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Serbiyanın mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşüb.

Nazirlikdən  bildirilib ki, Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin geniş perspektivləri var. Eyni zamanda, mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, Hökumətlərarası Komissiyanın iyulun 25-də keçirilən iclasını yüksək qiymətləndirib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib.

Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.

Mədəniyyət