Dünya şöhrətli rəssam Con Everett Millen 1829-cu ildə İngiltərədə kübar ailədə doğulub. O, hələ 11 yaşında “Kral Akademiyası Məktəbləri”nə (“Royal Academy Schools”) daxil olub, 19 yaşında Uilyam Holman Hant və Dante Qabriel Rossetti ilə birlikdə “Prerafaelit qardaşlığı” üslubunu sənət dünyasına gətirib.
Rəssamın gözoxşayan əsərlərindən biri də dahi ingilis dramaturqu Vilyam Şekspirin eyni adlı əsərinə çəkilmiş “Ofeliya” tablosudur. Mille bu əsəri 1851-1852-ci illər ərzində ərsəyə gətirib.
Əsərdə Ofeliya obrazını 19 yaşlı Elizabet Siddal canlandırırdı. Siddal elə də gözəl qadın hesab edilmirdi, amma onun çöhrəsində qeyri-adi bir məsumluq vardı.
Bu tabloda üstünlük təşkil edən rəng yaşıldır. Bu rəng təbiətin canlılığının simvoludur. Yerdəki mamırların açıq-tünd yaşıl rəngdə verilməsi ilə qızın üzünün solğun təsvirinin vəhdəti Millenin sənətkarlığından xəbər verir. Həmçinin rəsmdə qırmızı, mavi və sarı kimi canlı, “isti rəng”lərdən də istifadə olunub.
Çayın kənarında müxtəlif bitkilər, çiçəklər, həşəratlar və heyvanlar var ki, bunların hər biri Ofeliyanın əhval-ruhiyyəsini əks etdirir. Şekspirin yaratdığı bu əsərdə hər bir çiçəyin öz mənası var. “Bu, qərənfildir, xatirə çiçəyidir. Xahiş edirəm, sevgilim, al, məni xatırla... Bu isə yasəməndir, yaddaş çiçəyidir, məni yaddan çıxarma...”
Kətan üzərində yağlı boya ilə işlənmiş bu tablo hazırda Londonda, “Tate Britain” qalereyasında saxlanılır.
Leyla HADİ,
tələbə-jurnalist